Azərbaycan, Bakı, 11 noyabr /Trend/
Azərbaycanda 250-dən artıq vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Virtual Hüquqi Klinika" adlı layihə başa çatıb. Layihənin əsas məqsədi Azərbaycan vətəndaşlarının virtual ortamda peşəkar hüquqşünaslar tərəfindən pulsuz hüquqi yardım almalarına şərait yaradılmasından ibarət idi.
Təşkilatın sədri, Vəkillər Kollegiyası Rəyasət heyətinin üzvü Anar Bağırov layihə ilə bağlı öz fikirlərini bölüşüb: "Əvvəla, bildirmək istəyirəm ki, belə bir layihə ilə vətəndaşlarımıza, xüsusilə də aztəminatlı insanlara heç bir təmənna olmadan hüquqi yardım göstərilməsi bir insan və hüquqşünas kimi məni çox sevindirir. Bu layihəmizin reallaşmasına dəstək olduqlarına görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığımızı bildiririk. Qısaca qeyd etməliyəm ki, layihə ərzində ümümilikdə vətəndaşlar tərəfindən göndərilmiş 207 sual peşəkar hüquqşünaslar tərəfindən virtual mühitdə aydın və dolğun şəkildə cavablandırılıb. Sevindirici haldır ki, təxmin olunduğu kimi, suallar təkcə paytaxt Bakıda yox, ölkəmizin bir çox regionlarında, hətta xarici ölkələrdə, məsələn Türkiyə və Rusiya yaşayan vətəndaşlarımız tərəfindən də göndərilib".
A.Bağırov eyni zamanda bildirib ki, layihə çərçivəsində əvvəldən nəzərdə tutulmasa da, İctimai Birliyin telefonlarına gələn zənglər vasitəsilə 50-yə yaxın vətəndaşa hüquqi məsləhətlər verilib. Bu zənglər əsasən respublikanın bölgələrindən olub. Vətəndaşlar layihədən xəbərdar olsalar da, internetə çıxışları və ya internetdən istifadə etmə bacarıqları olmadıqları üçün telefonla əlaqə saxlamaq məcburiyyətində qalıblar. Onların əksəriyyəti yaşlı insanlar olub.