Azərbaycan, Bakı, 19 noyabr /Trend/
Prezident sərəncamı ilə qeyd edilən biologiya üzrə ilk azərbaycanlı qadın Validə Tutayuqun 100 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Aqrar Universitetində elmi-nəzəri konfrans keçirilib. Ömrünü bu universitetlə bağlayan professor qadının Azərbaycan elminə verdiyi töhfələrdən geniş söhbət açılıb.
250-dən artıq elmi əsərin, o cümlədən 10 dərslik və 9 monoqrafiyanın müəllifi olan Validə Tutayuqun müəllifi olduğu kitablar hələ sovet hakimiyyəti dövründə ingilis, rus, gürcü və digər xarici dillərə tərcümə olunub. Əməkdar elm xadiminin "Bitkilərin anatomiya və morfologiya" kitabı hətta Avropanın ali məktəblərində dərslik kimi istifadə edilib. Elmi fəaliyyəti birbaşa bağlı olduğu Azərbaycan Dövlət Aqrar Universitetində professorun 100 illik yubileyi ilə bağlı keçirilən konfransda Validə Tutayuqun geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifi olduğu diqqətə çatdırılıb.
Validə Tutayuq Azərbaycanda botanika elminin inkişafına sanballı töhfələr verməklə kənd təsərrüfatı sahəsində milli elmi-pedaqoji kadrların yetişdirilməsində də təqdirəlayiq fəaliyyət göstərib. Elmi konfransda da ADAU-nun tələbələrinə xanım alimin keçdiyi ömür yolu örnək kimi təqdim olunub. 66 illik həyat yolunda məhsuldar elmi-tədqiqat işi və ictimai fəaliyyətinə görə Validə Tutayuq orden və medallarla təltif olunub.