...

Hərbi qulluqçuların mənzil təminatı ilə bağlı yeni təklif var

Cəmiyyət Materials 19 Fevral 2015 11:52 (UTC +04:00)
Azərbaycanda hərbi qulluqçuların mənzil-məişət təminatı ilə bağlı ayrıca dövlət proqramının və qanunun, eləcə də xüsusi fondun yaradılmasına ehtiyac var.
Hərbi qulluqçuların mənzil təminatı ilə bağlı yeni təklif var

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda hərbi qulluqçuların mənzil-məişət təminatı ilə bağlı ayrıca dövlət proqramının və qanunun, eləcə də xüsusi fondun yaradılmasına ehtiyac var. Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafə komitəsinin üzvü Zahid Oruc deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin məlum fərmanı ilə hərbi qulluqçuların, xüsusilə 20 ildən artıq xidmət edənlərin siyahısı tərtib olunub və onların əksəriyyətinin dövlət hesabına mənzillə təmin olunması üçün real addımlar atılıb, təqdim edilən siyahı əsasında həmin insanlar evlə təmin olunub: "Bildiyim qədər hazırda mənzillə təmin olunmuş hərbi qulluqçuların sayı 350 nəfəri keçir. Nəzərə alınsa ki, Ordumuzda onillərlə xidmət edən insanların alternativ mənbələr hesabına mənzil almaq imkanları çox azdır, bu baxımdan bu, çox mühüm addımdır. Bununla yanaşı, etiraf etmək lazımdır ki, mənzilə ehtiyacı olan hərbi qulluqçuların sayı qat-qat çoxdur və bu məsələ ciddi problem olaraq qalır".

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində Silahlı Qüvvələrdə uzun müddət xidmət etmiş şəxslərə tərxis olunduqdan sonra torpaq ərazisinin verilməsi və burada özlərinə ev tikməsinə şərait yaradılması ilə bağlı müddəa yer alıb: "Lakin gerçək həyatda bu müddəa işləmir. Reallıq ondan ibarətdir ki, ölkədə torpaq fondu məhduddur. Hər bir bölgədə isə torpağa və mənzilə ehtiyacı olan insanların sayı kifayət qədərdi. O cümlədən, hərbi qulluqçular Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra onların hansı yerdə ev və ya mənzil üçün növbəyə dayana biləcəkləri sual olaraq qalır. Məsələn, bizə müraciət edirlər ki, onlar 20 illik qüsursuz xidmətlərinə görə məlum siyahıya daxil ediliblər, lakin onun mənzillə nə vaxt təmin olunacağı bəlli deyil".

Z.Oruc qeyd edib ki, hazırkı qanunvericiliyə görə, icra hakimiyyəti orqanları tərxis olunmuş hərbi qulluqçuları ya torpaqla təmin etməli, ya da onlara kirayə qaldıqları mənzilin pulunu ödəməlidir. Lakin bu, tam yerinə yetirilmir: "Evsiz, mənzilsiz qalan tərxis olunmuş hərbi qulluqçu yaşının məhsuldar hissəsi keçib getdikdən sonra həyatın çətinlikləri ilə üz-üzə qalır. Bu isə ölkədə ordu quruculuğuna, növbəti gənc nəslin hərb işinə cəlb olunmasına, karyeralarını bu sahədə davam etdirməsinə mənfi təsir göstərir".

Parlament üzvünün fikrincə, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ayrıca normativ-hüquqi baza yaradılmalıdır: "Yəni hərbi qulluqçuların mənzil-məişət təminatı ilə bağlı qanunvericilikdə kiçik bir müddəa olmasındansa, bu yöndə ayrıca bir qanun qəbul edilməlidir. İnsanlar bilməlidirlər ki, hansı meyarlar əsasında onların mənzillə təmin olunmaq hüquqları işə düşür. Bu məsələni təkcə ayrıca verilmiş sərəncamlarla həll etmək mümkün deyil. Bunun üçün konkret normativ-hüquqi əsaslar olmalıdır. Bu yöndə ayrıca dövlət proqramının və qanunun, eləcə də maliyyə vəsaitlərinin toplandığı xüsusi fondun yaradılmasına ehtiyac var. Məsələn, Rusiyada hərbi qulluqçuların mənzil təminatı problemi daha geniş mənbələr hesabına həll edilir. Yəni mənzil təminatının həllinə dövlət büdcəsi hesabına deyil, bir neçə mənbədən daxil olan vəsaitlər hesabına da şərait yaradılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti