...

Azərbaycanın 37 sürüşmə sahəsində təhlükə var

Cəmiyyət Materials 2 Aprel 2015 13:56 (UTC +04:00)
Hazırda respublika ərazisində 37 ən təhlükəli sürüşmə sahəsi var.
Azərbaycanın 37 sürüşmə sahəsində təhlükə var

Azərbaycan, Bakı, 2 aprel / Trend, müxbir İlhamə İsabalayeva/

Hazırda respublika ərazisində 37 ən təhlükəli sürüşmə sahəsi var.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Həmin ərazilərdə monitorinqlərin aparıldığını deyən nazirlik rəsmisinin sözlərinə görə, təhlükəli sürüşmə sahələri respublikanın müxtəlif bölgələrini - Kiçik və Böyük Qafqazı, talış zonasını əhatə edir.

S.Əmiraslanov bildirib ki, respublika ərazisində mart ayında və bundan əvvəlki aylarda aparılan monitorinqin nəticələrinə görə, hazırda cənub bölgəsi sürüşmə baxımından daha təhlükəli hesab edilir: "Cənub bölgəsində sürüşməyə meylli yamaclar var. Bu ərazilər dağlıq ərazilərdir və sürüşmə üçün daha əlverişli sahələrdir. Həmin mövcud sürüşmə sahələrində aktivləşmə müşahidə olunub".

S.Əmiraslanovun sözlərinə görə, Lənkəran-Lerik avtomobil yolunda 19-cu km-dən 53-cü km-ə qədər olan hissədə - 34 km məsafədə bir-birindən 1-2 km aralı olmaqla sürüşmə ucun sahələr var: "Bu yolda 25-26 sürüşmə sahəsi mövcuddur. Lerik rayonunun 30 kəndinin yalnız 1-2-sində sürüşmə sahəsi yoxdur. Kəndlərin əksəriyyətində sürüşmə, ucqun sahələri mövcuddur. Yardımlı, Astara, Cəlilabad rayonlarının kəndlərində sürüşmə, ucqun sahələri çoxdur".

Nazirlik rəsmisinin sözlərinə görə, mart ayında aparılan monitorinqin nəticələrinə əsasən, respublikanın əksər bölgələrindəki mövcud sürüşmə sahələrində nisbi aktivləşmə müşahidə edilib. Aktivləşmə əsasən, cənub bölgəsindəki yol kənarlarında, kəndlərdə, Quba-Xınalıq avtomobil yolunun bir necə kilometrliyində, Şamaxı və İsmayıllı rayonlarının müəyyən hissələrində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti