...

"Verilişlərdə insanda ikrah hissi doğuran mövzular müzakirəyə çıxarılır"

Cəmiyyət Materials 10 Aprel 2015 18:56 (UTC +04:00)
Azərbaycanda özəl televiziyaların proqram səbətində neqativ hallar, tendensiyalar kifayət qədərdir.
"Verilişlərdə insanda ikrah hissi doğuran mövzular müzakirəyə çıxarılır"

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda özəl televiziyaların proqram səbətində neqativ hallar, tendensiyalar kifayət qədərdir. Trend-in məlumatına görə, bu barədə 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurası tərəfindən aparılmış monitorinqlərin nəticələrində deyilir.

Qeyd olunur ki, bu gün telekanalların efirində ictimai əhəmiyyət kəsb etməyən mövzuların müzakirəyə çıxarıldığı ucuz şouların, milli-mənəvi dəyərlərə zidd, uşaq və yetkinlik yaşına çatmayanların inkişafına ziyan vura bilən halların baş alıb getməsi, efirin kommersiyalaşması və s. ciddi narahatlıq doğurur: "Danmaq olmaz ki, teleefir üçün müzakirəyə çıxarılan və çözüm obyektinə çevirilən mövzuların məsuliyyəti böyükdür. Amma əfsuslar olsun ki, bəzən elə mövzular müzakirəyə çıxarılır ki, insanda ikrah hissi doğurur".

Bildirilir ki, verilişlərdə tez-tez milli-mənəvi dəyərlərə zidd olan bayağı mövzular müzakirəyə çıxarılır. Verilişdə lokal problemlər, ailədaxili münaqişələr, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradılır.

Efirdə bəzi aparıcıların həm efir mədəniyyətinin, həm də aparıcılıq səviyyəsinin aşağı olması da milli efirimizin çatışmazlıqlarındandır. Xüsusilə də aparıcılıq etmək üçün dəvət olunan populyar şəxslər (müğənnilər, aktyorlar və s.) sözügedən problemi bir qədər də aktuallaşdırır. Belə ki, onların efir təcrübəsinin olmaması, həmçinin bəzən özünü konsert səhnəsində aparırmış kimi şıltaqlıqları, bayağı hərəkətləri və s. efir mədəniyyətinə zidd olmaqla televiziya aparıcılığı ilə bağlı problemin qabarmasına gətirib çıxarır. Digər tərəfdən, bu və ya digər verilişə aparıcılıq edənlərin bilik səviyyələrinin yetərincə olmaması da diqqəti çəkir. Belə ki, bəzən verilişlərdə aparılan müzakirələrə istiqamət verməli olan aparıcının xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, Azərbaycan coğrafiyası və s. haqqında biliksizliyi, ümumi dünyagörüşünün azlığı verilişin maraqsız və keyfiyyətsiz şəkil almasına səbəb olur.

Şura vurğulayır ki, Azərbaycanın efir məkanının mühüm problemlərindən biri də kanalların onlara verilmiş efir vaxtının sanballı efir məhsulları ilə doldura bilməmələri ilə bağlıdır. Belə ki, bəzən kanallar bu problemi aradan qaldırmaq üçün proqramlarda təkrarçılığa yol verirlər ki, bu da bir sıra hallarda xoşagəlməz nəticələrə səbəb olur. Məsələn, axşam saat 23:00-dan sonra yayımlanmış bu və ya digər veriliş gündüz saatlarında təkrar olunur. Bu zaman isə bir sıra hallarda gündüz saatlarında efirə verilməsi məqbul olmayan səhnələrin yayımlanması, ifadələrin səsləndirilməsi halları müşahidə olunur ki, bu da uşaq və yeniyetmələrin fiziki, əqli və mənəvi inkişafına ziyan vurma problemini aktuallaşdırır.

Həmçinin qeyd olunur ki, özəl yayımçıların yayım proqramında maarifləndirici verilişlər, layihələr də az deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti