...

Nizami rayonunda rus icmasının nümayəndələri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2015 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Pasxa bayramı münasibətilə rus icmasının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olub.

Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı bunu milli dövlətçiliyin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikulturalist ənənələrə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edir.

Azərbaycan Rus İcması sədrinin I müavini Zenin Fedoroviç isə bildirib ki, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri var.

Onun sözlərinə görə, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları, o cümlədən, pravoslav xristianlar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.

Görüşdə çıxış edən rus icmasının Nizami rayon üzrə sədri Larisa Kovalova, Milli Məclisin deputatı Rövnəq Abdullayevin köməkçisi Sabit Mahmudov isə diqqətə çatdırıb ki, yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir.

Sonra görüş iştirakçıları bayram münasibətilə təbrik edilib və bir daha bildirilib ki, rus icması hər zaman Azərbaycan dövlətçiliyinin qorunmasında və möhkəmləndirilməsində iştirak edib.

Rus icmasının üzvləri də onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Daha sonra Nizami rayonunda yaşayan 200-dən artıq icma üzvünə bayram hədiyyələri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti