Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmələr zamanı həmin müəssisələrdə saxlanılan şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb.
Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib.
Həmin müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.