...

"Gəncə avropalı gənclərin gözü ilə” layihəsinə start verildi (FOTO)

Cəmiyyət Materials 11 İyul 2015 15:50 (UTC +04:00)
10-16 iyul 2015-ci il tarixlərində “Gəncə - Avropa Gənclər Paytaxı 2016” İctimai Birliyinin təşkilatçılığı ilə şəhərimizdə “Gəncə avropalı gənclərin gözü ilə” adlı beynəlxalq foto müsabiqəsi keçirilir.
"Gəncə avropalı gənclərin gözü ilə” layihəsinə start verildi (FOTO)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

"Gəncə - Avropa Gənclər Paytaxı 2016" İctimai Birliyinin təşkilatçılığı ilə 10-16 iyulda Gəncədə "Gəncə avropalı gənclərin gözü ilə" adlı beynəlxalq foto müsabiqəsi keçirilir. Trend-in məlumatına görə, bu münasibətlə Məhsəti Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, gənclər təşkilatlarının nümayəndələri və avropalı gənclər iştirak ediblər.

N.Həmzəyev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adından tədbir iştirakçılarını salamlayıb, foto müsabiqənin "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" layihələri çərçivəsində keçirilən ən böyük və əlamətdar tədbir olduğunu vurğulamaqla, "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin rəhbəri Elmir Vəliyevin təşkilatçılığı ilə bir çox yüksək səviyyəli tədbirlərin həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, bu tədbir də Gəncənin zəngin tarixinin və mədəniyyətinin, qədim abidələrinin, gəncəlilərin öz milli-mənəvi dəyərlərinə dərin ehtiram və hörmətinin, onların qonaqpərvərliyinin, adət-ənənələrinin dünyada tanıdılmasında mühüm əhəmiyyət kəsb edəcək.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini N.Həmzəyev gənc fotoqraflara yaradıcılıq uğurları arzulayıb.

Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov müsabiqənin mahiyyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən layihə 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərini Avropada tanıtmaq, Avropa gəncləri ilə ölkə gəncləri arasında əlaqələr yaratmaq və avropalı gənclərini Azəbaycan mədəniyyəti ilə tanış etmək üçün hədəflənib.

Layihə çərçivəsində avropalı peşəkar və həvəskar fotoqraflar Gəncə şəhərinin və Gəncə gənclərinin şəkillərini çəkəcək, professional və təcrübəli münsiflər heyəti isə çəkilmiş şəkillərdən 50 ən uğurlu şəkili seçəcək. Beləliklə, avropalı fotoqraflar ölkələrinə qayıtdıqdan sonra həmin şəkilləri Avropanın 14 ölkəsində təşkil edəcəkləri foto sərgilərdə nümayiş etdirəcəklər. Bununla bərabər, Məhsəti Mərkəzində layihə iştirakçılarının 5 gün ərzində çəkdikləri şəkillərin foto sərgisi təşkil olunacaq.

Beynəlxalq layihədə Litva, Rumıniya, Polşa, Çexiya, Finlandiya, Ukrayna, Türkiyə, Gürcüstan, Monteneqro, Estoniya, Portuqaliya, Yunanıstan, Sloveniya, Serbiya, Macarıstan və Azərbaycandan 20 gənc iştirak edir.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr sektorunun müdiri Orxan Ərəbov çıxışında deyib ki, təxminən 10 il öncə Azərbaycandan olan gənclər təşkilatları Avropaya inteqrasiya etmək üçün məhz Avropanın özündən dəstək almağa çalışırdılarsa, bu gün artıq onlar Azərbaycanda öz imkanları haqqında məlumat verirlər. Təbii ki, bu gənclər siyasəti sahəsində olan uğurlu inkişafdan və əməkdaşlıqdan xəbər verir. Biz çox istəyirik ki, gənclərimiz ölkəmizi əhatə edən bütün sahələrdə aktiv olsunlar. Bu layihə də "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin fəaliyyət planı üzrə həyata keçirdiyi ilk beynəlxalq layihədir. Avropalı gənclərin iştirak etdiyi foto müsabiqə gündən-günə yüksək sürətlə inkişaf edən Gəncənin həyatına bir çox yeniliklər gətirəcək, dünya gəncləri arasında əməkdaşlığın və birgə işgüzar əlaqələrin genişlənməsinə öz töhfələrini verəcək.

Qonaqlardan litvalı fotoqraf Vytautas Daraskevicius, Gənclərin Beynəlxalq Anlaşması və Mübadiləsi Şəbəkəsinin Prezidenti Antonio Lapadula və başqaları çıxış ediblər.

Sonda "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin fəaliyyət proqramına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti