...

40 gənc tullantıların idarə edilməsi üzrə sertifikat aldı (FOTO)

Cəmiyyət Materials 24 İyul 2015 16:49 (UTC +04:00)
İyulun 24-də ADA universitetində keçirilən “0 tullantı” Yay Məktəbinin bağlanış mərasimi oldu və 4 günlük kursun iştirakçısı olan 40 gəncə sertifikatlar təqdim edildi.
40 gənc tullantıların idarə edilməsi üzrə sertifikat aldı (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İyulun 24-də ADA universitetində keçirilən "0 tullantı" Yay Məktəbinin bağlanış mərasimi oldu və 4 günlük kursun iştirakçısı olan 40 gəncə sertifikatlar təqdim edildi.

"Təmiz Şəhər" ASC-in təşkil etdiyi maarifləndirici düşərgə IDEA İctimai Birliyinin və ADA universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin dəstəyi ilə baş tutdu.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müxtəlif universitetlərin bakalavr və magistr pillələrinin tələbələri olan iştirakçılar təlimlər müddətində ətraf mühitin qorunması, xüsusilə də tullantıların idarə edilməsi sahəsi üzrə mütəxəssislərin interaktiv mühazirələrini dinləyib, müzakirələrdə iştirak ediblər. Gənclərə böyük şəhərlərdə tullantıların əsas problemlərdən birinə çevrilməsi, lakin bu işlərin idarə edilərək hətta qazanc mənbəyinə çevrilə biləcəyi barədə məluamtlar verilib.

Onlar həmçinin təkrar emal müəssisələrinə - "Təmiz Şəhər" ASC-in tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarına səfərlər edərək tullantıların zərərsizləşdirilməsi prosesini əyani izləyiblər. Gənclərə məlumat verilib ki, çeşidləmə zavodunda məişət tullantıları çeşidlənərək onun tərkibindəki xammal kimi yararlı materiallar yığılır və təkrar emal müəssisələrinə göndərilir. Yandırma zavodunda isə tullantıların yandırılması nəticəsində elektrik enerjisi əldə edilərək şəhərin ümumi enerji xəttinə ötürülür. Burada istehsal olunan enerjinin miqdarı il ərazində 100 min evi elektriklə təmin edəcək qədərdir.

Tələbələr asudə vaxtlarını da yay məktəbinin mövzusuna uyğun təşkil edilmiş proqram əsasında keçiriblər. Onlar belə vaxtlarda ekoloji intellektual oyunlar oynayıblar.

İştirakçılar həm mühazirələrdə, həm məlumat turlarında Azərbayanda tullantıların idarə edilməsi sahəsində hansı işlərin görüldüyünü və bu sahədə nə kimi problemlərin və potensialın olduğunu öyrəniblər. Təlimlərin sonlarında gənclər özləri tullantıların azaldılması, idarə edilməsi məsələləri üzrə ideyalar təklif ediblər. Onlar gələcək fəaliyyətlərində tullantıların idarə edilməsi işləri ilə ciddi və profesional şəkildə məşğul olacaqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti