Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Bu gün Bakı Dövlət Universitetində (BDU) Bilik günü münasibətilə tədbir keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını əlamətdar tarix münasibətilə təbrik edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı və mövcud olduğu 100 ilə yaxın dövr ərzində xalqımızın maariflənməsində, milli təfəkkürünün, milli özünüdərkinin, ziyalı təbəqəsinin formalaşmasında müstəsna rol oynayan Bakı Dövlət Universiteti təkcə Azərbaycanın deyil, bütün müsəlman şərqinin ilk dünyəvi ali məktəbidir. Universitetin tarixi, inkişaf mərhələləri haqqında danışan rektor prezident İlham Əliyevin çağırışı ilə "İqtisadi potensialı intellekt kapitalına çevirmək" istiqamətində aparılan köklü islahatlardan danışıb. Biologiya fakültəsinin dekanı Akif Quliyevin çıxışından sonra rektor yüksək balla daxil olan gənclərə tələbə vəsiqələri, universitetin tarixini əks etdirən bukleti təqdim edib, xatirə şəkli çəkdirib. Universitetin və respublikamızın 3 rəngli bayrağı dövlət himninin sədaları altında yuxarı qaldırılıb.
Qeyd edək ki, 21 minə yaxın tələbənin təhsil aldığı Bakı Dövlət Universitetində 17 fakültə, 125 kafedra, 60-dək ixtisas var. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır, ümumilikdə 10-dan çox xarici dil tədris olunur. Bu il universitetin Azərbaycan və rus bölmələrinin bakalavr pilləsinə 60 ixtisas üzrə 4269, magistratura pilləsinə 199 ixtisaslaşma üzrə 617, "SABAH" qruplarına isə 13 ixtisas üzrə 179 tələbə daxil olub. Bakalavr pilləsinə daxil olan tələbələrdən 7 nəfəri Prezident təqaüdünə layiq görülüb. Eyni zamanda, "SABAH" qrupları üzrə Azərbaycan dili və müəllimliyi ixtisası açılıb, bu qrupun bütün auditoriyaları texniki avandanlıqla tam təmin olunub. "SABAH"ın 25 nəfər tələbəsi Londonda yay məktəbində iştirak ediblər.
Bakı Dövlət Universiteti 200-dən çox xarici universitetlə əməkdaşlıq edir. Universitetlər arasında imzalanmış müqavilələrə, eyni zamanda, Erasmus-Mundos, Mövlanə proqramları, Koreya Fondunun dəstəyi və beynəlxalq qrantlar hesabına BDU əməkdaşları və tələbələri Çin, Koreya, Yaponiya, Türkiyə, Avropa ölkələri və Amerika Birləşmiş Şatlarında davamlı olaraq təcrübə keçirlər.
BDU nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyini indiyədək bitirən məzunların hamısı yerli və xarici universitetlərə daxil olublar. Bu il liseyi bitirən 55 şagirdin yarısı qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Onlardan 4 nəfəri qızıl medala layiq görülüb. TQDK-nın statistik məlumatlarına əsasən, qəbul imtahanlarında yüksək göstəricilər göstərən lisey üzrə orta bal 500-dən çox olur.
Bu il universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində dövlət və ictimai münasibətlər, Marketinq ixtisasları açılıb.
Hər il oldugu kimi, bu il də universitetdə yeni dərsliklər və dərs vəsaitləri, metodiki göstərişlər, fənn proqramları, tədris planlarının yazılması ilə yanaşı, bir çox şöbələr yenidən qurularaq istifadəyə verilib, ayrı-ayrı kafedralarda yeni tədris və elmi-tədqiqat laboratoriyaları yaradılıb, mövcud laboratoriyalar yenidən qurulub və əsaslı şəkildə təmir edilib. Təmir-bərpa işləri Bakı Dövlət Universitetinin bütün fakültələrini əhatə edib və əksər auditoriyalar müasir multimedia vasitələri ilə təmin olunub. Jurnalistika fakültəsi telestudiyasının yenidən qurulması prosesi isə davam edir.
Yeni tədris ili münasibətilə 1 saylı tədris binasında yerləşən və Avropa standartlarına uyğun təmir və təchiz edilmiş kitabxana və oxu zalı, biologiya fakültəsində əsaslı təmir edilərək yeni kompozisiyalar və müqəvvalarla təmin edilmiş muzey, kimya və fizika fakültələrində bir neçə elmi-tədqiqat və tədris laboratoriyaları və auditoriyaların açılışı olub. Bununla yanaşı, fizika fakültəsində gücləndirilmiş elektrik kabellə, laboratoriya mebelləri ilə təmin olunmuş "Lazerlər optikası" laboratoriyası yaradılıb.
Son vaxtlar BDU ilə AMEA-nın ayrı-ayrı elmi təşkilatları və İnstitutları arasında kadr hazırlığı və elmi-tədqiqat sahələrində əməkdaşlıq haqqında müqavilələr və anlaşma memorandumları imzalanıb. Anlaşma memorandumuna əsasən, AMEA-nın Dendrologiya İnstitutunun nəzdində BDU-nun Botanika kafedrasının filialının yaradılması nəzərdə tutulub.
Yeni tədris ili ərəfəsində Bakı Dövlət Universiteti növbəti dəfə dünyanın nüfuzlu universitetləri arasında yer alıb. Ali məktəblərdə tədrisin keyfiyyətinə görə beynəlxaq Round University Ranking reytinqində BDU 750 universitet arasında 656-cı olub. Xatırladaq ki, reytinq "Thomson Reuters" beynəlxalq media kompaniyasının göstəriciləri əsasında hazırlanıb. Bununla yanaşı, Bakı Dövlət Universiteti dünya universtitetlərinin nüfuzlu "QS World University Rankings 2015/2016" reytinqində də yer alıb. BDU reytinqdə 701+ yerdə qərarlaşıb.