...

Mikayıl Cabbarov: "Yalnız biliyə dəyər verilən təhsil mühitində uğurlu məzun yetişdirə bilərik"

Cəmiyyət Materials 22 Sentyabr 2015 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Yalnız biliyə dəyər verilən təhsil mühitində uğurlu məzun yetişdirə bilərik". Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində yaradılan Maliyyə Laboratoriyasının açılış mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, gələcək birmənalı şəkildə kreativ, bilikli insanlar üçün açıqdır: "Hər bir təhsil müəssisəsinin, xüsusilə ali məktəblərin gücü burada fəaliyyət göstərən müəllimlərin gücü ilə ölçülür. İnanıram ki, burada yaradılan tədris mühiti bizə uğurlu məzunların yetişdirilməsinə imkan verəcək".

M.Cabbarov qeyd edib ki, son dövrlərdə təhsil sisteminə dövlət başçısı tərəfindən göstərilən diqqət ali təhsil müəssisələrində bir sıra innovativ layihələrin icrası ilə nəticələnib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tədris prosesinin təşkilində praktiki biliklərə daha çox üstünlük verməyə çalışdıqlarını deyib. Rektor əlavə edib ki, universitetin fəal əməkdaşlıq etdiyi qurumlardan biri də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir: " Bu əməkdaşlıqdan ən çox udan məhz bizim tələbələr olacaq".

Son vaxtlar universitetə qəbul olunan tələbələr tərəfindən maliyyə işi ixtisasına marağın artdığını deyən rektor bunun nəticəsi olaraq, bu il həmin ixtisas üzrə minimal keçid balının yüksəldiyini qeyd edib. Ə.Muradov bu il Prezident Təqaüdünə layiq görülən 2 tələbənin də maliyyə işi ixtisasına qəbul olunduğunu da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti