...

Ödənişli yerlər üzrə plan yerlərinin ləğvindən sonra ali məktəblər tələbə qəbulunu necə aparacaq? - Rəsmi cavab

Cəmiyyət Materials 5 Oktyabr 2015 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali məktəblərin ödənişli əsaslarla tələbə qəbulu üçün plan yerləri ləğv edildikdən sonra təhsil müəssisələri akkreditasiya prosesinin nəticələrinə əsasən tələbə qəbul edə bilərlər.

Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov Trend-ə bildirib ki, "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na əsasən, ali məktəblərin ödənişli əsaslarla müəyyənləşdirilən plan yerləri tədricən ləğv ediləcək. Amma bununla bağlı son qərar verilmədiyindən ödənişli əsaslarla olan plan yerlərinin 2016-2017-ci, və yaxud 2017-2018-ci tədris ilindən ləğv ediləcəyi hələlik məlum deyil.

Hazırda bununla bağlı hazırlıq işlərinin aparıldığını deyən C.Bayramovun sözlərinə görə, ödənişli əsaslarla plan yerlərinin ləğv edilməsi o demək deyil ki, ondan sonra təhsil müəssisəsi istənilən sayda tələbə qəbul edə bilər.

Nazir müavini qeyd edib ki, bir çox aparıcı ölkələrin təhsil sistemlərində bu model iki mühüm amil - ali məktəbin müəyyən dövlət standartlarına uyğun olaraq, hansı sayda tələbə qəbul edə bilməsi imkanı və tələbənin ali məktəbə getmək istəyi nəzərə alınmaqla tətbiq edilir: "Ali təhsil müəssisələri akkreditasiya prosesindən keçirlər. Akkreditasiya prosesində isə dövlət standartları mövcuddur. Burada hər bir istiqamət üzrə müəyyənləşdirilir ki, ali təhsil müəssisəsinin hər bir tələbə üçün nə qədər auditoriya, kitabxana fondu var, bu və ya digər ixtisasın açılması və tədris olunması üçün bu sahə üzrə nə qədər kafedra, kafedralarda işləmək üçün hansı səviyyəli elmi dərəcəli kadrlar var. Bu kriteriyalar nəzərə alınmaqla, bu və ya digər ali təhsil müəssisəsi tərəfindən öz potensialına uyğun olaraq, tələbə qəbulu aparıla bilər".

C.Bayramov onu da qeyd edib ki, bu gün ali təhsil sistemində plan yerləri 2 qayda üzrə formalaşır: "Bunlar dövlət sifarişi və ödənişli əsaslarla olan plan yerləridir. Dövlət sifarişi ilə bağlı vəziyyət aydındır. Burada dövlətin özünün prioritetləri var və müəyyənləşdirilir ki, hansı sahədə nə qədər mütəxəssisin hazırlanmasına ehtiyac var. Bu plan yeri üzrə qəbul olunan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir. Cəmiyyətdə belə bir fikir var ki, ödənişli və ödənişsiz təhsil var. Amma ödənişsiz təhsil yoxdur, sadəcə olaraq, bu təhsilin xərcləri dövlət tərəfindən ödənilir".

C.Bayramov bildirib ki, ali təhsil müəssisələri 2010-cu ildən adambaşına maliyyələşdirmə sisteminə keçdikdən sonra onların gəlirlərinin əksəriyyəti təhsil haqqından formalaşır: "Ali təhsil müəssisələri iki əsas mənbədən gəlir əldə edirlər. Birincisi, dövlət sifarişi ilə qəbul olunan tələbəyə görə dövlət ali məktəbə pul ödəyir, ikincisi isə öz vəsaitləri hesabına oxuyan tələbələr şəxsi imkanları hesabına bu ödənişləri edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti