Azərbaycan, Bakı, 19 oktyabr /Trend müxbir Elçin Mehdiyev/
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "İrəli" İctimai Birliyi tərəfindən həyata keçirilən "Münaqişə tərəfi Azərbaycan: həqiqətlər və reallıqlar" layihəsi çərçivəsində bir sıra Avropa və digər ölkələrdən olan media nümayəndələri və tanınmış bloqerlərinin iştirakı ilə tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, layihə çərçivəsində Litva, Macarıstan, İtaliya, Türkiyə, Efiopiya, İngiltərə, Belçika, Almaniya və İsrailin tanınmış media nümayəndələri Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tərəfinin reallıqlarını öyrənmək məqsədilə səfərdədirlər: "Səfər beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, Azərbaycanın beynəlxalq ictimaiyyət üçün hesablanmış addımlarında mövcud həqiqətlərin qabardılması ən əsas istiqamətimizdir".
Səfərdə əsas məqsəd, həmçinin Azərbaycanın əzəli torpaqları olan Qarabağ haqqında, Azərbaycanın beynəlxalq müstəvidə bu məsələyə yanaşması, qaçqın və məcburi köçkünlərin problemləri və pozulmuş insan haqlarının beynəlxalq ictimaiyyətdə daha çox qabardılmasıdır. Layihə çərçivəsində beynəlxalq ictimaiyyət üçün Azərbaycanın sürətli inkişafı, ölkədə tolerant mühit və s. işıqlandırılacaq.
Səfər zamanı yerli mətbuat orqanlarının bu məsələyə yanaşması, dövlət rəsmilərinin mövqeyi öyrəniləcək, vətəndaş cəmiyyəti institutları ilə görüşlər keçiriləcək.