...

BANM-də əfqan tələbələr təhsil alacaqlar

Cəmiyyət Materials 3 Noyabr 2015 10:16 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi (BANM) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, BANM rektoru Elmar Qasımov və Əfqanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Tağı Xəlili BANM-də görüş zamanı bu haqda razılığa gəliblər.
BANM-də əfqan tələbələr təhsil alacaqlar

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

BANM-də əfqan tələbələr təhsil alacaqlar.

Bakı Ali Neft Məktəbi (BANM) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, BANM rektoru Elmar Qasımov və Əfqanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Tağı Xəlili BANM-də görüş zamanı bu haqda razılığa gəliblər.

Səfiri salamlayan E.Qasımov onu Ali Məktəbdə görməkdən məmnunluğunu bildirib. E.Qasımov Azərbaycanla Əfqanıstanın tarix və mədəniyyət baxımından yaxın ölkələr olduğunu bildirib. O, Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişafında səfirin böyük rolu olacağına inamını ifadə edib. Rektor qonağa BANM-in yaranma tarixi haqqında danışaraq bu Ali Məktəbin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın tərkibində yaradıldığını vurğulayıb. O, bildirib ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır.

Azərbaycanın ali təhsil müəssisələrinin fəaliyyəti haqqında danışan E.Qasımov BANM-in ölkəmizdə öndə gedən ali təhsil ocağı olduğunu deyib. E.Qasımov SOCAR-ın fəaliyyətindən söz açaraq şirkətin həyata keçirdiyi layihələrə diqqət çəkib. O, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu və tədrisin ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırıb. BANM-də üç ixtisas üzrə yüksək ixtisaslı mühəndis kadrların hazırlandığını deyən E.Qasımov Ali Məktəbin kampusu haqqında söz açıb. O, kampusun Qafqazda ən böyük kampus olacağını bildirib. İşlərin artıq yekunlaşdığını deyən rektor ilin sonuna qədər tamamlama işlərinin başa çatacağını diqqətə çatdırıb. Kampusun layihəsi ilə səfiri tanış edən E.Qasımov orada tələbələr üçün yaradılan şəraitdən söz açıb. O, hər il qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin BANM-ə daxil olduğunu deyərək, Prezident təqaüdçüsü adını qazanan Ali Məktəbin tələbələrinin sayının ildən-ilə artdığına diqqət çəkib. Rektor BANM-də tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb. E.Qasımov tələbələrin SOCAR-da, o cümlədən BP, Total, Schlumberger, Emerson, Schneider Electric kimi bir sıra beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçdiklərini xatırladıb. O, bildirib ki, BANM-in məqsədi SOCAR-la yanaşı, dünyanın bütün tanınmış neft-qaz və kimya sənayesi şirkətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. E.Qasımov əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifini bildirərək, əfqan xalqı üçün mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə səfiri bu istiqamətdə əməkdaşlığa dəstək verməyə çağırıb. E.Qasımov BANM-in yeni tədris ilində əfqan tələbələri qəbul etməyə hazır olduğunu bildirib.

Səfir Məhəmməd Tağı Xəlili Azərbaycanda olmaqdan və Bakı Ali Neft Məktəbinə gəlişindən məmnun olduğunu deyib. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəsinə göstərdiyi davamlı dəstəyi çox yüksək qiymətləndirib. O, özünü Azərbaycan xalqına çox yaxın hiss etdiyini bildirib. İyirmi il öncə Azərbaycanda olduğunu deyən səfir Azərbaycan xalqının mehriban dostlugunu həmişə xatırladığını bildirib. O, həmçinin illər öncə gördüyü Bakı ilə indiki şəhər arasında böyük fərq olduğunu deyərək bu inkişafın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi ilə həyata keçirildiyinə əminliyini ifadə edib. O, inkişafın səviyyəsindən məmnun qaldığını bildirib. Azərbaycan hökumət nümayəndələri ilə bir sıra görüşlər keçirdiyini deyən səfir SOCAR rəhbəriliyi ilə görüşdüyünü də vurğulayıb. Səfir bütün görüşlərdəki müzakirələrdə təhsilin gündəmdə olduğunu bildirib. Əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifə görə BANM-in rektoruna minnətdarlığını ifadə edən səfir, öz növbəsində, bu istiqamətdə hərtərəfli dəstək verməyə hazır olduğunu dilə gətirib.

Görüşdə, eyni zamanda, qarşılıqlı əməkdaşlıq, o cümlədən tələbə mübadiləsi və təqaüd proqramının həyata keçirilməsi haqqında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti