Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Elmir Murad/
Lənkərana yağan aramsız yağışlar bir müddət əvvəl leysanın yaratdığı fəsadların aradan qaldırılmasına imkan vermir. Bunu Trend-ə açıqlamasında Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev deyib.
Onun sözlərinə görə, buna baxmayaraq İcra Hakimiyyəti daşqınların yaratdığı fəsadları aradan qaldırmaq üçün bütün texnikanı əraziyə cəlb edib: "Cənub zonasına hər gün yağış yağır. Elə bu gün də yağıb. Təbii ki, yağış işləməyə, fəsadları aradan qaldırmağa təsirsiz ötüşmür. Ümid edirəm ki, bu ayın sonuna qədər fəsadların böyük hissəsini aradan qaldıracağıq".
Qeyd edək ki, iki gündür Lənkəran və Astaraya yağan aramsız yağışlar yenidən bir sıra problemlər yaradıb. Bundan əvvəl isə oktyabrın 30-da Lənkəran da daxil olmaqla cənub zonasının bir sıra rayonlarında leysan yağıb, təsərrüfat və evlərə ciddi ziyan vurub.