Bakı. Elçin Mehdiyev - Trend:
"Sahibkarların məhsulların qiymətini manatın devalvasiya faizi qədər artırması süni qiymət artımı deməkdir". Bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, Azərbaycanda idxal olunan məhsulların xərci heç də bütövlükdə dollarla deyil: "Düzdür, sahibkar idxal etdiyi məhsulu dollarla alır və ölkəyə gətirilənə qədər xərclər dollarladır. Amma artıq ölkə daxilində xərclər manatladır. Əməkhaqqı, kommunal xidmətlər, vergi, icarə haqqı və digər xərclər manatla ödənilir. Bu baxımdan manatın 50 faiz devalvasiya etməsi idxal olunan məhsulların qiymətinin 50 faiz artması anlamına gəlməməlidir. Burada baxmaq lazımdır ki, dollarla ifadə olunan xərclər nə qədərdir. Çünki manatla ifadə olunan xərclər dəyişməyib. Vergidə, kommunal xidmətlərdə, əməkhaqqında dəyişiklik yoxdur. Belə olan halda dollarla olan xərclər nə qədər dəyişibsə, ona uyğun olaraq qiymətlərin artırılmasına ehtiyac var. Amma çox təəssüf ki, sahibkarlar əgər manat 50 faiz devalvasiya edibsə, idxal etdikləri məhsulların da qiymətini manat xərcinin nə qədər olub-olmamasından asılı olmayaraq, 50 faiz artırırlar. Bu da təbii ki, süni şəkildə qiymətlərin artımı deməkdir, çünki bütün hallarda qiymət artımları xərc maddəsinə uyğun olaraq həyata keçirilməlidir".
Yerli məhsulların qiymətinə gəlincə isə ekspert bildirib ki, xammalı xaricdən idxal olunan məhsulların qiymətində dollarla ifadə olunan xərclər səviyyəsində artım ola bilər: "Amma xammalı xaricdən gəlməyən, yerli istehsal olunan məhsullar üzrə qiymət artımı devalvasiya səviyyəsinə deyil, inflyasiya səviyyəsinə uyğunlaşmalıdır. Yerli məhsulların da qiymətinin devalvasiya səviyyəsində bahalaşması süni qiymət artımı deməkdir".
V.Bayramlı bildirib ki, bu cür qiymət artımlarına qarşı mübarizə gücləndirilməlidir: "Burada hüquqi baxımdan məsələyə baxılmasına ehtiyac var. Qiymətlərin artımı ilə bağlı qanunda da konkret meyarların müəyyənləşdirilməsinə ehtiyac var, yəni hansı hallarda nə qədər qiymət artımı ola bilər, hansı halda ola bilməz, hansı hallarda qiymət artımı süni hesab olunur".
Ekspert hesab edir ki, eyni zamanda sahibkarlarda korporativ sosial məsuliyyət formalaşdırılmasına ehtiyac var: "Çünki sahibkar, eyni zamanda ölkə vətəndaşıdır. Sahibkarlar belə vəziyyətlərdə çox gəlir əldə etmək barədə düşünməməlidir, vətəndaşların sosial vəziyyətinin pisləşməsinə səbəb olmamalıdırlar. Həmçinin inhisarçılığa qarşı mübarizə gücləndirilməlidir. Bu tədbirlər imkan verəcək ki, devalvasiyanın mənfi təsirlərini aradan qaldırmaq mümkün olsun".