...

Azərbaycanda süni mayalanma üçün yalnız ata və ananın hüceyrələrindən istifadə ediləcək

Cəmiyyət Materials 30 Yanvar 2016 18:03 (UTC +04:00)
Azərbaycanda ekstrokorporal (süni) mayalanma üçün yalnız ata və ananın hüceyrələrindən istifadə ediləcək.
Azərbaycanda süni mayalanma üçün yalnız ata və ananın hüceyrələrindən istifadə ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ekstrokorporal (süni) mayalanma üçün yalnız ata və ananın hüceyrələrindən istifadə ediləcək. Bunun üçün tərəflərin rəsmi nikahda olması da şərt olacaq.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bu məsələ "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin təkmilləşdirilmiş sonuncu variantına daxil edilib.

Layihədə mübahisə doğuran məsələlərin artıq müvafiq dövlət qurumları ilə razılaşdırıldığını deyən M.Quliyev qeyd edib ki, yeni layihədə ekstrokorporal mayalanma üçün donorluq qadağan edilir: "Biz araşdırdıq ki, Azərbaycanda hüceyrə donorluğuna ciddi ehtiyac yoxdur. İl ərzində təxminən 20-25 nəfərin hüceyrə donorluğuna ehtiyacı olur. Bu da ki, sosial problem deyil. Buna görə də qərara aldıq ki, ekstrokorporal mayalanmanın həyata keçirilməsi üçün yalnız rəsmi nikahda olan ata və ananın hüceyrələrindən istifadə edilsin".

Deputat bildirib ki, tərəflərin dini nikahda deyil, yalnız rəsmi nikahda olması şərtdir. Çünki əks təqdirdə, sui-istifadə hallarına yol verilər.

M.Quliyev əlavə edib ki, qanun layihəsinin bundan əvvəlki variantında ekstrokorporal mayalanmanın həm dövlət, həm özəl, həm də bələdiyyə klinikalarında tətbiqinə icazə verilirdi. Amma Səhiyyə Nazirliyi bununla razılaşmayaraq, ekstrokorporal mayalanmanın tətbiq olunacağı klinikaların müəyyənləşdirilməsi səlahiyyətinin Nazirlər Kabinetinə verilməsini təklif edirdi. Buna görə də yeni layihədə ekstrokorporal mayalanmanın tətbiq olunacağı klinikaların müəyyənləşdirilməsi səlahiyyəti Nazirlər Kabinetinə verilir.

Komitənin sədr müavininin sözlərinə görə, qanun layihəsinin bundan əvvəlki variantına sosial baxımdan aztəminatlı olan sonsuz ailələrə ekstrokorporal mayalanmanın bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) həyata keçirilməsi üçün şans verilməsi məsələsi daxil edilmişdi. Amma Maliyyə Nazirliyinin bu məsələyə iradı olub və bunun icbari tibbi sığorta hesabına həyata keçirilməsini təklif edib. Yeni layihədə bu təklif nəzərə alınıb: "Artıq gələn ildən icbari tibbi sığorta sistemi işə düşəcək. Bunu sığorta hesabına etmək mümkün olacaq".

M.Quliyev layihəyə əvvəlcə daxil edilmiş "surroqat ana" məsələsinin artıq müzakirə mövzusu olmadığını deyib.

Xatırladaq ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin bundan əvvəlki variantına görə, somatik və psixi cəhətdən sağlam, ailəli, azı bir uşağı olan, yaşı 35-dək olan kişilər və qadınlar müvafiq tibbi və genetik müayinədən keçdikdən sonra mayalanma xüsusiyyətinə malik reproduktiv hüceyrələrin donoru ola bilərlər.

"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Layihənin təkmilləşdirilmiş son variantı Milli Məclisin yaz plenar iclasının müzakirəsinə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti