...

ATU Türkiyə və Gürcüstan universitetləri ilə əməkdaşlığı genişləndirir (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2016 17:36 (UTC +04:00)
Azərbaycan Texnologiya Universiteti (ATU) qonşu ölkələrin ali təhsil ocaqları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyəti davam etdirir.
ATU Türkiyə və Gürcüstan universitetləri ilə əməkdaşlığı genişləndirir (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universiteti (ATU) qonşu ölkələrin ali təhsil ocaqları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyəti davam etdirir. Trend-ə verilən məlumata görə, bu məqsədlə ATU-nun Tədris şöbəsinin müdiri Piri Axundov və şöbənin inspektoru Sadiq Əfəndiyev Türkiyə və Gürcüstana səfər edərək bir neçə universitetdə görüşlər keçirib. Görüşlərdə ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub, bəzi məsələlərlə bağlı ilkin razılıq əldə olunub.

İlk görüş Türkiyənin Rizə şəhərində yerləşən Rəcəb Tayyib Ərdoğan Universitetində keçirilib. Universitetin rektoru professor Hüseyin Karaman deyib ki, cəmi 10 il əvvəl qurulan Rəcəb Tayyib Ərdoğan Universitetinin hazırda 15 mindən artıq tələbəsi var. Bu tələbələr arasında xarici ölkə vətəndaşlarının sayının çox olması, universitetin beynəlxalq layihələrdə fəal iştirak etməsi xarici ölkələrin ali təhsil ocaqları ilə əməkdaşlığın səviyyəsinin yüksək olmasından xəbər verir. Səmərəli müzakirə şəraitində keçirilən görüşün nəticəsində Mövlanə proqramı çərçivəsində müəllim və tələbələrin mübadiləsi, ATU-nun müəllim və tələbələrinin Rəcəb Tayyib Ərdoğan Universitetində təcrübə keçmələrinin təmin olunması barədə razılıq əldə olunub.

Növbəti görüş isə Türkiyənin Trabzon şəhərində yerləşən Qaradəniz Texniki Universitetində keçirilib. Universitetin prorektoru professor Necati Tüysüz qonaqlarla söhbət zamanı deyib ki, 1955-ci ildə qurulan Qaradəniz Texniki Universitetinin hazırda 55 minə yaxın tələbəsi var. ATU haqqında məlumatları diqqətlə dinləyən Necati Tüysüz hərtərəfli əməkdaşlığa hazır olduqlarını bidirib. Prorektor qeyd edib ki, xüsusən iki ali təhsil ocağının texnoloji istqamətlər üzrə mütəxəssis hazırlayan ixtisasları arasında əməkdaşlıq imkanları genişdir.

Türkiyənin Giresun şəhərində yerləşən Giresun Universitetində isə görüş prorektor professor Mahir Kadakal ilə keçirilib. Səmərəli fikir mübadiləsi şəraitində keçirilən görüşün nəticəsi olaraq iki universitet arasında birgə seminarların keçirilməsi barədə razılığa gəlinib. Eyni zamanda ATU-da bakalavriat pilləsində təhsilini başa vuran tələbələrin Giresun Universitetində magistraturada oxumasını təmin etmək üçün müəyyən addımlar atılıb.
Türkiyənin Ordu şəhərində yerləşən Ordu Universitetində baş tutan görüş də səmərəli müzakirə şəraitində keçirilib. Ordu Universitetinin prorektorları professor Şevket Metin Kara və professor Fikri Balta ilə aparılan müzakirələrdə iki ali təhsil ocağının uyğun ixtisasları üzrə dual diplomların verilməsinin təmin edilməsi üçün görüləcək işlər müəyyən edilib. Eyni zamanda ATU-da təhsilini bakalvr dərəcəsi ilə başa vuranların magistratura təhsilini Ordu Universitetində davam etdirməsi üçün ilkin razılıq əldə olunub.

Samsun şəhərində yerləşən 19 Mayıs Universitetindəki görüşdə də əhəmiyyətli nəticələr əldə olunub. Bellə ki, bu ildən etibarən Türkiyənin 19 Mayıs Universitetində təhsil almaq istəyən abituriyentlər üçün qəbul imtahanları Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində keçiriləcək. ATU-da 4-cü kursu bitirən tələbələr isə ALES imtahanı vermədən 19 Mayıs Universitetində magistr təhsili ala biləcəklər. Həmçinin ATU-nun müəllim və tələbələrinin 19 Mayıs Universitetində müəyyən vaxtlarda təcrübə keçməsi də təmin olunacaq. Bundan başqa görüşdə 19 Mayıs Universiteti mütəxəssislərinin ATU nəzdində texnoparkın yaradılmasına nəzəri və texniki dəstək verməsi məsələsi də müzakirə edilərək razılıq əldə olunub.

ATU-nun əməkdaşları Gürcüstanın paytaxtı Tbilisi şəhrində yerləşən Beynəlxalq Qara Dəniz Universitetində də əməkdaşlıq məsələlərini müzakirə edib. Universitetin rektoru professor İlyas Çiloğlu ilə görüşdə bir müddət əvvəl bu ali təhsil ocağı ilə ATU arasında əməkdaşlıq müqaviləsinin imzalandığı qeyd olunub. Görüşdə həmin müqavilədə nəzərdə tutulan məsələlərin həllinin sürətləndirilməsi istiqamətində atılacaq addımlar haqqında danışılıb.

https://www.facebook.com/atuganja/posts/1109566519055438

Məqalədə:
Xəbər lenti

Xəbər lenti