...

Avropadan Azərbaycana gələn turistlərin sayı arta bilər

Cəmiyyət Materials 23 Fevral 2016 17:01 (UTC +04:00)
Elektron vizaların verilmə müddətinin 10 gündən 5 günədək azaldılması ilk növbədə Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayının artmasına səbəb ola bilər.
Avropadan Azərbaycana gələn turistlərin sayı arta bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Elektron vizaların verilmə müddətinin 10 gündən 5 günədək azaldılması ilk növbədə Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayının artmasına səbəb ola bilər. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

M.Ağakərimov əlavə edib ki, Azərbaycanda keçirilən biznes turlara, konqreslərə, beynəlxalq tədbirlərə ilk növbədə Avropa ölkələrindən iştirakçılar gəlir.

Onun sözlərinə görə, Azərbaycan İpək Yolunun strateji nöqtəsində yerləşdiyindən, eyni zamanda Fars körfəzi ölkələri və Çin, Yaponiya, Koreya, Malayziya, Sinqapurdan ölkəmizə gələn turistlər üçün sadələşdirilmiş viza rejimi tətbiq olunduğundan həmin ölkələrdən də Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilə bilər.

Elektron vizaların verilmə müddətinin 10 gündən 5 günədək azaldılmasını günün tələbi sayan mütəxəssis hesab edir ki, yerli turizm şirkətləri Azərbaycana daha çox turistin gələcəyi proqnozlaşdırılan ölkələrin turizm şirkətləri ilə daha sıx əlaqə qurmalı, əlavə tədbirlər də daxil etməklə müxtəlif qiymətli turpaketlər hazırlamalıdırlar: "Artıq dövlət tərəfindən bütün şərait yaradılıb - turizm fəaliyyəti üzrə sahibkarlıqla məşğul olmaq üçün lisenziya tələb edilmir, vizaların verilmə müddəti azaldılıb, infrastruktur yaxşılaşdırılıb. Ancaq bizim turizm şirkətləri indiyədək tənbəllik ediblər. Onlar getmə turizmlə məşğul idilər ki, bu da asan idi. Ancaq indi oturub baş sındırmaq, menecmentliyi düzgün qurmaq lazımdır".

Xatıladaq ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya, İran və Gürcüstanın turizm şirkətlərinin Azərbaycana turist axınının çoxaldılmasına ciddi maraq göstərdiyini söyləyib. Nazirin sözlərinə görə, bu il müddətində xaricdən, xüsusilə qonşu ölkələrdən gələcək turistlərin sayının çoxalması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti