...

BANM tələbəsi, Prezident təqaüdçüsü Məmmədli Rəhim: Vətənimə xeyir vermək istəyirəm

Cəmiyyət Materials 10 Mart 2016 10:40 (UTC +04:00)
Məmmədli Rəhim Kamal oğlu 8 mart 1998-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Atatürk Liseyinə daxil olub.
BANM tələbəsi, Prezident təqaüdçüsü Məmmədli Rəhim: Vətənimə xeyir vermək istəyirəm

Bakı. Trend:

Məmmədli Rəhim Kamal oğlu 8 mart 1998-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Atatürk Liseyinə daxil olub. Məktəb illərində bir sıra fənn olimpiadalarında müvəffəqiyyətlə iştirak edib. Belə ki, "Kimya" fənni üzrə olimpiadada Bakı şəhəri Nəsimi rayonu üzrə birincilik, "Azərbaycan dili" fənni üzrə rayon ikinciliyi qazanıb.

11-ci sinifdə iştirak etdiyi "Riyaziyyat" fənni üzrə olimpiadanın Nəsimi rayonu üzrə və Bakı şəhəri üzrə keçirilən turlarında birincilik əldə edib. Həmin olimpiadanın Respublika turunda isə bürünc medal qazanıb. 11-ci sinifdə müstəqil olaraq 2 ay hazırlaşdığı İELTS imtahanından müvəffəqiyyətlə keçərək 7.5 bal toplayıb. Orta məktəbi qızıl medalla bitirərək 2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına 695 balla qəbul olub, Prezident təqaüdçüsüdür.

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanı mənim fikrimcə, şəffaf və ədalətli şəkildə keçdi. Qəbul imtahanına yaxşı hazırlaşmışdım və özümə güvənirdim. İmtahandan sonra bütün suallara düzgün cavab verdiyimi düşünürdüm. Lakin bir sualın cavabında səhv etdiyimi öyrəndim. Buna baxmayaraq istədiyim ali təhsil ocağını seçmək üçün kifayət qədər bal topladığımdan əmin idim.

- Sınaq imtahanlarında nəticələrin necə olub?

- Sınaq imtahanlarında nəticələrimi ardıcıl yüksəldirdim. Son sınaqda 680 bal toplamışdım. Bu nəticə mənim qəbul imtahanında yüksək bal toplayacağıma əminliyimi artırdı. Valideynlərimin və məktəbimin mənə inamı sonsuz idi.

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent nələri əsas götürməlidir?

- Əvvəla, abituriyent sevdiyi fənlərin olduğu ixtisas qrupunu seçməlidir ki, nəticəsi uğurlu olsun. Qeyd etmək istəyərdim ki, şagird ixtisas qrupuna uyğun fənlər üzrə TQDK-nın nəşr etdiyi test kitablarınındakı sualların hamısını həll etməyə müvəffəq olarsa, o, nəinki 600, hətta 650 balı keçməyi də bacarar. Abituriyentlərə tövsiyə edərdim ki, özlərinə hədəf seçib ona doğru inamla addımlasınlar. Mən öz təcrübəmdə bunu sınadım və əmin oldum.

- Niyə məhz bu ixtisası və BANM-ni seçdin?

- Seçimimi tamamilə özüm etdim. BANM-i və bu ixtisası seçməyimin səbəbi müasir texnologiyaya olan böyük marağımdır. BANM-i seçməyimin digər səbəbi həm də yüksək nəticə göstərmiş abituriyentlərin bu Ali Məktəbi seçməsidir.

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Burdakı təhsili necə dəyərləndirirsən?

- Bakı Ali Neft Məktəbi bir ali təhsil müəssisəsi olaraq öz tələbələri ilə yaxından maraqlanır. Onların dərs prosesinə hər vasitə ilə kömək edir. Ali Məktəbimiz tələbələrin dərsdən əlavə mədəni-kütləvi tədbirlərdə mütəmadi olaraq iştirak etməsini təmin edir. Bu amilləri, bizə yaradılan şəraiti mən çox yüksək dəyərləndirirəm.

- Boş vaxtlarında nə ilə məşğul olursan?

- Boş vaxtlarımda proqramlaşdırma ilə məşğul olmağı, kompyuter və intellektual oyunlar oynamağı xoşlayıram.

- Özünü gələcəkdə harada görürsən?

- Gələcəkdə hansı mövqedə olmağımdan asılı olmayaraq, Vətənimə xeyir vermək istəyirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti