...

Azərbaycanda 845 nəfər dağınıq skleroz xəstəsi var

Cəmiyyət Materials 16 Mart 2016 12:01 (UTC +04:00)
Azərbaycanda 2013-2015-ci illər ərzində "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair dövlət proqramı" çərçivəsində 1000-dən çox xəstə müayinə olunub.
Azərbaycanda 845 nəfər dağınıq skleroz xəstəsi var

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 2013-2015-ci illər ərzində "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair dövlət proqramı" çərçivəsində 1000-dən çox xəstə müayinə olunub. Onlardan 845 nəfərinə dağınıq skleroz diaqnozu qoyulub və həmin şəxslər müvafiq preparatlarla dövlət tərəfindən təmin edilir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin dağınıq skleroz xəstəliyinə həsr etdiyi tədbirdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının asistenti Rahim Əliyev deyib.

R.Əliyevin sözlərinə görə, bu müddətdə 100-dən artıq xəstə dinamik müşahidəyə götürülüb, 60-dan çox xəstədə diaqnoz tamamilə inkar edilib.

R.Əliyev qeyd edib ki, Azərbaycanda dağınıq skleroz xəstəliyi daha çox 20-35 yaşlı insanlarda rast gəlinir: "Bu xəstəlik daha çox qadınlar arasında özünü büruzə verir. Yəqin qadınların hormonal vəziyyəti bir az fərqli olur, ona görə belə olur. Ancaq bunun tam səbəbini söyləmək çox çətin məsələdir. Hazırda bu xəstəlik üzrə axın çoxdur. Proqram icrası müddətində müraciət edənlərin sayı artıb. Xəstəliyin yaş həddi əsasən 15-20 yaşdan 40 yaşa qədərdir. Müalicə nə qədər tez başlasa, o qədər əlilliyin müddətini uzatmaq və qarşısını almaq olar".

R.Əliyev deyib ki, "nevroloji xamilyon" adlanan dağınıq skleroz xəstəliyinin simptomları həddindən artıq rəngarəngdir: "Xəstəlik sinir sisteminin bütün şöbələrinin zədələnmə simptomları ilə başlana bilər. Ona görə də ilk zamanlar bu xəstəliyin diaqnozunun qoyulması çox çətin olur. Xəstə bir müddət müşahidə altında olandan sonra diaqnoz tam təsdiqlənə bilər. Risk amillərinə gəldikdə isə burada hansısa konkret etoloji səbəb göstərilmir. İrsiyyət, ekoloji faktorlar, eləcə də qidanın təsiri burada rol oynayır. İnsanın özünün immun sistemində yaranan problemlər bu xəstəliyin yaranmasına zəmin yarada bilər".

Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunun nevrologiya kafedrasının dosenti, "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı"nın komissiyasının üzvi Rövşən Həsənov isə bildirib ki, bir necə onilliklər əvvəl dağınıq skleroz xəstəliyinin diaqnostikası kifayət qədər çətin idi: "Çünki həkimlər yalnız xəstəliyin klinik xüsusiyyətlərinə əsaslanırdılar. Hazırda isə bu cür klinik xüsusiyyətləri olan külli miqdarda xəstəlik var. Onlara dağınıq sklerozu yamsılayan xəstəliklər deyirlər. İndi diaqnostik imkanlar artdığına görə bu xəstəliyin diaqnostikası nisbətən asanlaşıb. Bu xəstəliyi olanlar 3 aydan bir müayinə və müalicə olunurlar".

R.Həsənov əlavə edib ki, pasiyentin özünün öz üzərində dağınıq skleroz xəstəliyinin əlamətlərini aşkar etməsi çətindir: "Ancaq əgər hər bir insan öz üzərində narahatlıq hiss edərsə, - narahatlıq istər onun yerişi, istər fikirləşmə qabiliyyəti, istərsə də onun daxili orqanlarının patologiyalarına aiddir, - həkimə müraciət etsin. Xəstəlik həmlələrlə keçir. Bir necə həmlədən sonra xəstə adətən, iş qabiliyyətini itirir və əlilliyə düçar olur".

Dağınıq sklerozun immun sistemi xəstəliyi olduğunu deyən R.Həsənovun sözlərinə görə, amma bu xəstəlik zamanı immunitetin zəifləməsi və ya güclənməsi nəzərdə tutulmur: "Xəstəlik zamanı immun sistemi düzgün fəaliyyət göstərmir. Orqanizmin immun sistemi öz toxumalarını yad toxuma kimi qəbul edir və öz toxumalarını zədələnməyə başlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti