...

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ağacəkmə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2016 15:42 (UTC +04:00)
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçiləri Formula 1 Avropa Qran Prisinin Könüllüləri və Marşalları ilə birlikdə aprelin 9-da Səbail rayonunda yerləşən Dostluq Parkında ağacəkmə aksiyası keçirib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ağacəkmə aksiyası keçirib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçiləri Formula 1 Avropa Qran Prisinin Könüllüləri və Marşalları ilə birlikdə aprelin 9-da Səbail rayonunda yerləşən Dostluq Parkında ağacəkmə aksiyası keçirib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, tədbirdə Avropa Qran Prisinin rəsmi elçilərindən Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva və Formula 1 şərhçisi Rəhim Əliyev də iştirak edib ağac əkiblər.

"Gəlin Bakını sürətlə yaşıllaşdıraq" devizi altında baş tutan aksiyada Abşeron iqliminə uyğun olan 500-dək şam və sərv ağacı əkilib.

Tədbirin keçirilməsində əsas məqsəd mötəbər idman yarışına ev sahibliyi edən Bakıda yaşıllıq zolaqlarını artırmaq və şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasını sürətləndirmək, eləcə də Avropa Qran Prisinin təşkilatçılığında fəaliyyət göstərən kollektiv arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə töhfə verməkdir.

Aksiyada iştirak edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri İrana Əhmədova hamının bu işdən böyük zövq aldığını qeyd edərək tədbirin yüksək əhval-ruhiyyədə keçdiyini bildirib: "Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi Formula 1 Avropa Qran Prisinin keçirilməsinə iki aya yaxın müddətin qaldığı bir ərəfədə 250-ə yaxın əməkdaşımız, yarışın könüllüləri və marşalları böyük məmnuniyyətlə Bakını yaşıllaşdırmaq təşəbbüsü ilə çixış etdilər. Aksiyada iştirak edənlər hərəyə iki ağac əkərək gələcək nəsillər üçün daha təmiz, yaşıl və təhlükəsiz ətraf mühitin miras qoyulmasına öz töhfələrini verdilər."

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti növbəti aylarda da oxşar sosialyönümlü tədbirlər keçirməyə davam edəcək.

Bakı Şəhər Halqası haqqında

Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Sorğu üçün [email protected] ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti