...

Varşavada Azərbaycan-Polşa IV beynəlxalq elmi konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2016 20:45 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyi və Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin Türkologiya və Orta Asiya xalqları bölməsinin təşkilatçılığı ilə Varşava Universitetində IV Azərbaycan-Polşa beynəlxalq elmi konfransı keçirilib.
Varşavada Azərbaycan-Polşa IV beynəlxalq elmi konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Polşadakı səfirliyi və Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin Türkologiya və Orta Asiya xalqları bölməsinin təşkilatçılığı ilə Varşava Universitetində IV Azərbaycan-Polşa beynəlxalq elmi konfransı keçirilib.

Azərbaycan səfirliyindən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan səfirliyin müşaviri Ülvi Baxşəliyev Varşava Universitetinin rəhbərliyini, başda Azərbaycan Milli Elmlər Akademiyasının Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva olmaqla Azərbaycandan gələn nümayəndə heyətini, Polşanın müxtəlif universitetlərinin nümayəndələrini və tələbələri salamlayıb. Çıxışı zamanı artıq ənənəyə çevrilmiş və ildən-ilə daha çox elm işçisinin cəlb olunduğu Azərbaycan-Polşa konfransının bu il də uğurlu və məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirən Ülvi Baxşəliyev keçirilmiş əvvəlki üç konfrans kimi bu konfransın materiallarının da nəşr olunacağını əlavə edib.

Daha sonra çıxış edən Varşava Universitetinin Türkologiya fakültəsinin dekan müavini prof. Piotr Taraxa Azərbaycan-Polşa elmi əlaqələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən bu elmi konfransın hər il təşkil olunmasından böyük məmnunluq duyduğunu bildirib. P.Taraxa konfrans iştirakçılarına elmi fəaliyyətlərində müvəfəqiyyətlər arzulayaraq tədbiri açıq elan edib.

Konfransda çıxışı zamanı G.Baxşəliyeva Dağlıq Qarabağ münaqişəsinin tarixi, ermənilərin İrəvan xanılığına köçürülməsi, regionda aparılan demoqrafik dəyişikliklər və son günlərdə təmas xəttində baş verən hadisələr haqqında konfrans iştirakçılarına geniş məlumat verib.

Konfransda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun, Varşava, Vrotslav, Yaqellon, Yan Pavel II, Azərbaycan Dövlət İqtisadiyyat universitetlərinin, eləcə də Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşları məruzələrlə çıxış ediblər.

Məruzələr əsasən Azərbaycanın elmi, mədəniyyəti, ədəbiyyat və dilçiliyi, siyasi və iqtisadi əlaqələrinə həsr olunub. Alimlərin məruzələri böyük marağa səbəb olub və geniş müzakirələr doğurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti