...

Dövlət İmtahan Mərkəzinə icraçı direktor təyin olunub

Cəmiyyət Materials 22 Aprel 2016 14:57 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın struktur vahidlərinin birləşdirilməsi, optimal idarəetmə strukturunun formalaşdırılması, qurumlar arasında texnoloji proseslərin və məlumat bazalarının əlaqələndirilməsi və s. işlərin hayata keçirilməsi üçün icraçı direktor vəzifəsi təsis olunub və bu vəzifəyə Vəfadar Misirovun təyin olunması məqsədə müvafiq hesab olunub.
Dövlət İmtahan Mərkəzinə icraçı direktor təyin olunub

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın struktur vahidlərinin birləşdirilməsi, optimal idarəetmə strukturunun formalaşdırılması, qurumlar arasında texnoloji proseslərin və məlumat bazalarının əlaqələndirilməsi və s. işlərin hayata keçirilməsi üçün icraçı direktor vəzifəsi təsis olunub və bu vəzifəyə Vəfadar Misirovun təyin olunması məqsədə müvafiq hesab olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, aprelin 21-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının ilk iclası keçirilmişdir. İclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın digər üzvləri Kamil Aydazadə, Ceyhun Bayramov, Niyazi Hacıyev və Fariz İsmayılzadə iştirak etmişlər.

İclasda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar olaraq bir sıra məsələlər müzakirə olunmuşdur.

İclasda 2016-cı il aprel ayında ümumtəhsil məktəblərinin 7, 8 və 11-ci siniflərində keçirilmiş monitorinq imtahanlarının protokolları müzakirə olunmuşdur. Həmçinin Direktorlar Şurasının üzvlərinə 1 may 2016-cı ildə keçiriləcək rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili və Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçimi üçün keçiriləcək test imtahanları barədə məlumat verilmiş və şura üzvlərinə müvafiq imtahanlarla bağlı texnoloji proseslərin istənilən mərhələsində iştirak etmək təklif olunmuşdur.

Məlumatda qeyd edilir ki, son günlər Facebook sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılmışdır. Aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olmuşdur. Bununla bağlı ictimaiyyət məlumatlandırılmış, saxta səhifələrin adminlərinə xəbərdarlıq olunmuşdur.

Direktorlar Şurasının iclasında yaxın günlərdə qurumun yeni rəsmi saytının, eləcə də Facebook səhifəsinin istifadəyə verilməsi və hər iki qurumun fəaliyyəti barədə bütün keçidlərin saytda və səhifədə yerləşdirilməsi qərara alınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti