...

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul qaydaları dəyişdirildi

Cəmiyyət Materials 25 Aprel 2016 17:06 (UTC +04:00)
2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq seçmə turlar keçirilməyəcək.
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul qaydaları dəyişdirildi

Bakı. İlhamə İsabalayeva - Trend:

2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq seçmə turlar keçirilməyəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı aparılacaq. Abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq ümumi qaydada elektron ərizə doldurub onun təsdiqini təmin etdikdən sonra TQDK-nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Elektron qeydiyyatın tarixləri ali təhsil müəssisələrinin I qrup "Memarlıq" ixtisası üzrə aprelin 15-dən 30-dək, ali təhsil müəssisələrinin V qrup ixtisasları üzrə mayın 6-dan 19-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 20-dən iyunun 2-dəkdir.

Qeydiyyatdan keçmiş abituriyentlər qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak etməlidirlər. İmtahanda topladığı balları TQDK tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar. Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə şərtləri və digər məlumatlar "Abituriyent" jurnalının 2016-cı il tarixli 2-ci sayında verilmişdir. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri "Abituriyent" jurnalının 3-cü sayında nəşr ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti