...

Azərbaycan Texnologiya Universitetində “Məzun 2016” yarmarkası keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2016 10:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetində (ATU) növbəti məzun yarmarkası keçirilib. Trend-in məlumatına görə, Gəncədəki bütün ali məktəblərin tələbələrinin dəvət olunduğu yarmarkaya müxtəlif şirkət və müəssisələr tərəfindən yüzlərlə boş iş yerləri çıxarılıb.

Əvvəlcə ATU-nun rektoru professor Akif Süleymanov son dövrdə rəhbərlik etdiyi ali təhsil ocağında görülən işlər, həyata keçirilən layihələr haqqında məlumat verib. Rektor bildirib ki, 40 ildir iqtisadiyyatın müxtəlif sahələri üçün mütəxəssis hazırlayan ATU-nun hazırda qarşısında duran ən mühüm vəzifələrdən biri tədrisin, kadr hazırlığının keyfiyyətini yüksəltmək, digəri isə məzunların işlə təmin olunmasına zəmin hazırlamaqdır. Bu məqsədlə görülən işlərin sırasında isə müntəzəm olaraq məzun yarmarkalrının keçirilməsi əsas yerlərdən birini tutur.

Məzun yarmarkasında bölgədə fəaliyyət göstərən 40-dək müxtəlif dövlət qurumları, şirkətlər, emal və istehsal müəssisələri, banklar, eləcə də Gəncə və ətraf rayonların Məşğulluq Mərkəzləri tərəfindən 500-dən artıq iş yeri təklif olunub. Yarmarkada iştirak edən ATU və Gəncədəki digər universitetlərin 1500-ə yaxın tələbəsi ixtisaslarına uyğun iş təklifləri ilə maraqlanıb, işverənlər tərəfindən təqdim olunan "CV"ləri doldurub. Onlardan bir qismi müzakirələr üçün müəssisələrə dəvət olunub. Öz məhsulları və xidmətləri ilə bağlı sərgilər təşkil edən şirkətlər işə qəbul olunmaq arzusunda olan məzunlara ətraflı məlumat və məsləhətlər verib, onların suallarını cavablandırıb. Yarmarka çərçivəsində işəgötürənlər məzunlara müxtəlif ixtisaslar üzrə staj keçmə və təcrübə imkanları haqqında da məlumat veriblər.

Sonra ATU-nun akt zalında universitet rəhbərliyi, rəsmi qonaqlar və məzun yarmarkasına qatılan şirkətlərin rəhbərləri arasında dəyirmi masa təşkil olunub. Görüşdə gənc kadrların işlə təmin olunması məsələsində effektivliyi artırmaq üçün atıla biləcək əlavə addımlar müzakirə olunub.

Xatırladaq ki, bu ATU tərəfindən təşkil olunan sayca üçüncü məzun yarmarkasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti