Bakı. Trend:
Qafqaz Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlığı və Akkord sənaye tikinti investisiya korporsiyasının sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfrans öz işinə iştirakçıların Fəxri xiyabanda umummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət etməklə başlayıb.
İki gün davam edəcək konfransı giriş sözü ilə açan Universitetin rektoru professor Əhməd Saniç gələn qonaqları salamladıqdan sonra Ulu Öndərin xatirəsinə həsr edilmiş bu konfransın artıq dördüncü dəfə keçirildiyini və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasında mühüm amilə çevrildiyini bildirdi.
Azərbaycanda elmin, təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu qeyd edən rektor, bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu sahənin daim diqqət mərkəzində saxlanıldığını və ölkənin gələcəyində mühüm rola malik olan gənclərin yüksək bilik əldə etmələrinə dəstək verdiyini vurğuladı.
Rektor bildirdi ki, Qafqaz Universiteti dövlətimizin gənclər siyasətinin həyata keçirilməsinə daim məsuliyyət hissi ilə yanaşmış və dəstəkləmişdir. Bu baxımdan, Heydər Əliyevin əziz xatirəsinə həsr olunan və doğum günü ərəfəsində hər il ənənəvi olaraq davam etdirilən Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Afət Sadıqova bu konfransın gənc alimlərin elmi potensialının üzə çıxarılmasında böyük rol oynadığını və bu sahədə gənclərin üzərinə çox mühüm vəzifələrin düşdüyünü bildirdi. O həmçinin qeyd etdi ki, elm, təhsil xalqın rifahının yüksəldilməsinə, dövlətimizin gələcək nailiyyətlərinin artmasına xidmət edir, məhz buna görə Qafqaz Universitetinin bu təşəbbüsünü yüksək qiymətləndir və yaradıcı gənclərə uğurlar diləyirəm.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun baş məsləhətçisi Sərxanbəy Xudiyev ənənəvi olaraq hər il keçirilən konfransı müsbət dəyərləndirdi və bildirdi ki, belə konfransların keçirilməsi gənclər arasında elmi əməkdaşlığı və elmi münasibətləri daha da möhkəmlədirməklə yanaşı ölkəmizdə uğurla aparılan multikulturalizim siyasəti ilə də üst-üstə düşür.
Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov konfransa dəvət edildiyi, elmin inkişafında mühüm addım kimi bu işin ağırlığını, məsuliyyətini öz üzərinə götürdüyü üçün Qafqaz Universiteti rəhbərliyinə dərin minnətdarlığını bildirdi, konfransın davamlı və məhsuldar olacağına əminliyini ifadə etdi.
Akkord sənaye tikinti investisiya korporsiyası keyfiyyətin idarə ediləsi deportamentinin direktoru Abbas Quvalov hər bir elmi tədqiqatın istehsalata tətbiqinin vacibliyini qeyd edərək bildirdi ki, Akkord şirkətlər qrupu bu sahədə elmi nailiyyətləri dəstəkləyir və Qafqaz Universiteti ilə əməkdaşlıqdan məmnundur.
Təşkilat komitəsi adından çıxış edən dosent Babək Abbasov konfrans barədə iştirakçılara məlumat verdi. Bildirdi ki, Qafqaz Universiteti Ulu Öndərin və onun layiqli davamçısı İlham Əliyev Cənablarının Gənclər siyasətini rəhbər tutaraq bu siyasətə dəstək məqsədilə 2013-cü ildən etibarən hər il Ulu Öndərin anadan olma gününə həsr olunmuş "Gənc Tədqiqatçıların Beynəlxalq konfransını" təşkil edir.Dünyanın çoxsaylı ölkələrindən gələn gənclərinin diqqətini cəlb edən bu Beynəlxalq konfransların təşkil olunmasında məqsəd Azərbaycan gənclərinin elmi-tədqiqat işlərindən əldə etdikləri nəticələri bir-biri və xarici ölkə gəncləri ilə müzakirə etmək, xarici ölkə gənclərinin tədqiqat işləri ilə yaxından tanış olmaq, gələcək tədqiqatlarını daha yüksək səviyyədə yerinə yetirmək üçün təcrübə əldə etmək, müxtəlif ölkələrin gənc tədqiqatçılarını biraraya gətirməklə elmlə məşğul olan gənclər arasında əlaqələri artırmaq və bu yolla Azərbaycanın uğurlu inkişaf strategiyasına öz töhfəmizi vermək, Ulu Öndərin, həmçinin İlham Əliyev Cənablarının gənclərə və onların hərtərəfli inkişafına verdkləri önəmi əyani olaraq xarici ölkələrdən gələn gənc tədqiqatçılara bəyan etmək və gənclərin Ulu Öndər qarşısındakı vəfa borclarını xatırlatmaqdır.
Beynəlxalq konfrans da Azərbaycan və xarici ölkə gənclərinin geniş maraqlarına səbəb olmuşdur. Məhz bu səbəbdəndir ki, Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Gənc Tədqiqatçıların IV Beynəlxalq Konfransına" Azərbaycandan olan gənc alımlərlə yanaşı ABŞ(1), Böyük Britaniya(2), Almaniya(2), Fransa(1), Kanada(1), Rusiya(11), Türkiyə(28), Macarıstan(3), Ukrayna(16), Polşa(4), İndoneziya(3), İran(3), Çexiya(1), Albaniya(1), Əlcəzair(1), Misir(2), Estoniya(1), Gürcüstan(16), Yunanstan(1), Makedoniya(1), Pakistan(3), Qazaxstan(2), Qırğızıstan(1), Özbəkistan(30), Qana(2), Kenya(1), Nigeriya(1), Filippin(1), Rumınya(2), Sudan(1), İsveçrə(1), Venesuella(1) kimi 32 ölkənin 150-yə yaxın gənc tədqiqatçıları və elm adamları tezisləri ilə müraciət etmişlər. Bütünlükdə Təşkilat komitəsinə 1700-ə yaxın tezislə müraciət edilmiş, Elmi heyyətin dəyərləndirməsindən sonra 1100 tezisin qəbul edilməsinə qərar verilmişdir. Konfransda məruzələrin 4 dildə - Azərbaycan, Türk, Rus və İngilis dilində təqdim edilməsi qəbul edilmişdir.
Rusiya Federasiyasından gəlmiş gənc araşdırmaçı A.V. Tarasyuk müasir dövrdə depressiyaların insanın həyat fəaliyyətinə ciddi təsir göstərdiyini və bu sahədə elmi tədqiqatların vacib olduğunu vurğuladı. O qeyd etdi ki, hazırda dünya əhalisinin 3-4% depressiyalardan əziyyət çəkir. Daha sonra gənc tədqiqatçı Neytrofinlər haqqında slayd təqdim etdi.
Təqdimatda İngiltərədən gəlmiş Denis A.Baird və A.Mesud Erzurumoğlu Genetik Epidemiologiya haqqında öz müştərək işlərini auditoriyaya təqdim etdilər. Hər iki tədqiqatçı müasir dövrdə bir çox xəstəliklərin genetik xarakter daşımasında qohumluq faktorunun mühüm rol oynadığını, təbabət elmində onkoloji, şişkinlik, şəkər diabeti kimi xəstəliklərinin genetik araşdırmalarına diqqət göstərildiyini diqqətə çatdırdılar və slayd təqdim etdilər.
Konfrans 5 seksiya olmaqla 20 fərqli ana istiqamət üzrə öz işini davam etdirir.
Qafqaz Universitetinin rəhbərliyi belə mötəbər tədbirin ən yüksək səviyyədə təşkili üçün lazım olan bütün tədbirləri həyat keçirmişdir və keçirməkdə davam etməkdədir. Bu konfransın Möhtərəm Prezident İlham Əliyev Cənablarının öz Sərəncamı ilə elan etdiyi multikulturalizm ilinə də təsadüf etməsi xüsusi önəm təşkil edir.