Bakı. Trend:
May 1-də Qəbələ rayonu, Nic qəsəbəsində yaşayan udilər Pasxa bayramını qeyd ediblər.
Qəsəbədəki "Cotari" Alban-udi kilsəsində təşkil olunan bayram mərasimində qəsəbə sakinləri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Nic qəsəbəsi "Abdallı" məhəllə məscidi dini icmasının üzvləri iştirak ediblər.
Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bayram mərasimində çıxış edən G.İsmayılov Alban-udi Xristian dini icmasının üzvlərini bayram münasibətilə təbrik edərək, ölkədəki dövlət-din münasibətləri, multikultural və tolerant dəyərlərin qorunması və bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. O, qeyd edib ki, dövlətin, cənab Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının nəticəsində bütün dini qurumlar, o cümlədən tarixi Alban kilsəsinin varisi olan Alban-udi Xristian dini icması fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Alban-udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən məmnunluğunu bildirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimləndiyini, hər bir kəsin dini etiqad azadlığının təmin olunduğunu vurğulayıb.
O, qeyd edib ki, müsəlman və xristian udilərin birgə yaşadağı, kilsə və məscidin yan-yana fəaliyyət göstərdiyi Nic Azərbaycan tolerantlığının kiçik bir modelidir.
Çıxış edən Alban-udi Xristian dini icmasının digər üzvləri onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını qeyd edib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılması yüksək qiymətləndirilib, Nic kilsəsinin bərpasının xalqımızın tolerantlığına gözəl nümunə olduğu qeyd edilib.
Məlumat üçün qeyd edək ki, Nic qəsəbəsində Alban-udi kilsəsi və 2 məscid fəaliyyət göstərir. Burada yaşayan udilər minilliklərdən bəri öz dinini, dilini, adət-ənənələrini qoruyub saxlayırlar.