Bakı. Elçin Mehdiyev – Trend:
"Bakı şəhəri çox gözəl, təhlükəsiz və təmiz şəhərdir, günəşli hava isə insana xüsusi zövq verir".
Bunu Trend-ə Bakıda "Formula 1" yarışmasını izləməyə gəlmiş britaniyalı turist Deyvid Hills deyib.
O bildirib ki, Bakıda "Formula 1" yarışmasının keçirilməsi şəhərə tam uyğundur: “Azərbaycan bu yarışmanı yüksək səviyyədə təşkil edib. Əlbəttə, bu, Azərbaycanın dünyada tanınması üçün çox gözəl bir imkandır. Bakıya gəlməkdən çox şadıq".
Britaniyalı qonaq qeyd edib ki, Bakının qədim arxitekturası da şəhərə xüsusi gözəllik verir: “Azərbaycanın dadlı milli xörəkləri var, insanları çox mehriban və qonaqpərvərdir”.Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.