...

Şəkidə içməli suyun verilməsi bərpa edildi

Cəmiyyət Materials 5 İyul 2016 16:38 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İyulun 2-də axşam saat 22:00 radələrindən başlayaraq Şəkinin dağlıq ərazilərində yağan güclü leysan yağış nəticəsində şəhərə dəymiş ziyan aradan qaldırılır.

Bu barədə Trend-ə Şəki şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov məlumat verib.

Qurum səlahiyyətlisi bildirib ki, görülən tədbirlər nəticəsində Şəki şəhərinə içməli suyun verilməsi bərpa edilib: "Şəhərə içməli su verilən boru sıradan çıxmışdı, bəndin kollektorunda problem yaranmışdı. Artıq bu problem həllini tapıb. Sıradan çıxan yollara alternativ yollar çəkilib və sakinlərin istifadəsinə verilib. Hazırda gediş-gəlişdə heç bir problem yoxdur. Lil və sel nəticəsində dağılan yolların, su keçidləri və körpülərin təmiri aparılır. Kiş kəndində də içməli su və elektrik enerjisinin verilişlərində problemlər yaranmışdı. Həmin problem də aradan qaldırılıb. Hazırda Oxud kəndinə elektrik enerjisinin bərpası ilə bağlı işlər gedir. Kəndə qazın verilişi bərpa edilib. Hər iki kəndin şəhərlə əlaqəsi bərpa edilib".

Xatırladaq ki, iyulun 2-də Şəki rayonunda Kiş və Şin çaylarınından təqribən 4 metr hündürlüyündə lilli selin gəlməsi nəticəsində rayona və bir neçə kəndə ciddi ziyan dəyib. Nəticədə Kiş kəndinin giriş hissəsindəki uzunluğu 40 metr olan, həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə gedən istiqamətdəki körpülər dağılıb, 200 metr uzunluğunda qaz borusu, 4 ədəd elektrik dirəyi, 2000 metrdən artıq içməli su borusu sıradan çıxıb, ətraf ərazini lil qatı basıb, həmin ərazidə yerləşən bəzi sahibkarlıq obyeklərinə ziyan dəyib.

Bir neçə kənd sakininin həyətyanı və təsərrüfat sahələrini lilli su basıb. Şəhərin, Oxud və Kiş kəndlərinin əhalisinin içməli su ilə, həmçinin Kiş kəndinin elektrik enerjisi və təbii qazla təchizatında problem yaranıb. Şin çayının yuxarı hissəsində quraşdırılmış qoruyucu su bəndinin bir hissəsi dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti