...

Rüfət Səfərovun vəkilinin məhkəməni qəsdən uzatdığı iddia olunur

Cəmiyyət Materials 8 Sentyabr 2016 17:16 (UTC +04:00)
Hakim Asim Hacıyevin sədrliyi ilə rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Rüfət Səfərovun vəkilinin məhkəməni qəsdən uzatdığı iddia olunur

Bakı. Samir Əli - Trend:

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə R.Səfərovun vəkili Bəhruz Bayramov məhkəmədən müdafiə çıxışı üçün vaxt verilməsi ilə bağlı yenidən vəsatət qaldırıb. Vəkil bildirib ki, onun Lənkəranda və ətraf yaxın ərazilərdə ofisi və ya qalacağı yer olmadığına görə müdafiə çıxışı hazırlaya bilmir. Ona görə də vəkil məhkəmədən müdafiə çıxışı üçün bir neçə gün vaxt istəyib.

Vəsatət təmin edilməyib və hakim vəkilin məhkəməni qəsdən uzatması barədə xüsusi qərardad çıxarıb.

Prosesdə fasilə elan olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı R.Səfərov barəsində 10 il müddətinə azadlıqdan məhrum edilməsi cəzasının verilməsini istəyib.

Qeyd edək ki, Baş Prokurorluğun bir müddət əvvəl yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi və o azadlığa buraxıldı.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti