Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Fəhmin Qədimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə 20 il cəza istəyib.
Sentyabrın 22-də təqsirləndirilən şəxsə hökm oxunacaq.
İttihama görə, bu ilin fevral ayında Binəqədi rayonu, 9-cu mikrorayonda, Cavadxan küçəsində yerləşən mənzillərdən birində boğularaq öldürülən 1977-ci il təvəllüdlü Sədaqət Əsgərovanın meyiti aşkar edilib. Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxsin 24 yaşlı Fəhmin Etibar oğlu Qədimovun olduğunu müəyyən edib və saxlayıb. Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikahda olub və S.Əsgərovanı qısqanclıq zəminində öldürüb.
F.Qədimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.