Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanovun Trend-ə müsahibəsi
- Azərbaycan əhalisi Avropa ölkələrindəki dərmanların ölkəmizdə satılanlardan daha təsirli olduğu qənaətindədir. Bir müddət əvvəl nazir Oqtay Şirəliyev də qeyd etmişdi ki, Azərbaycanda da Avropa ölkələrində olduğu kimi ən keyfiyyətli dərmanlar satılmalıdır. Sizcə, bu gün Azərbaycanda ən keyfiyyətli dərmanlar satılırmı?
- Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi ölkəmiz üçün ən vacib və aktual məsələdir. Beynəlxalq mənbələrdə göstərilən məlumatlara əsasən, 2005-ci ildən saxta və keyfiyyətsiz dərman vasitələrinin dövriyyəsində 400% artım olub. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Asiya ölkələrində belə saxta və keyfiyyətsiz dərman vasitələrinin payı 30%-dir. Bu cür dərman vasitələrinin ölkəmizə idxalının qarşısının alınması üçün tərəfimizdən bütün rəsmi idxal olunan dərman vasitələrinin seriyalar üzrə keyfiyyəti yoxlanılır. Azərbaycanda olan qeydiyyatdan keçmiş dərman vasitələri keyfiyyəti yoxlanılmış, ekspertizası aparılmış və keyfiyyət standartlarına cavab verən dərman vasitələridir. Azərbaycanda qeydiyyata alınan dərman vasitələrinin 55,53%-i Avropanın nüfuzlu dərman istehsalçıları olan şirkətlərin dərman vasitələridir. Xəstələrin müalicələrində istifadə olunan bütün dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə istehsalçıdan istifadəçiyə qədər bütün mərhələlərdə ciddi nəzarət tədbirləri həyata keçirilir. Dərman vasitəsinin keyfiyyətini və təhlükəsiz istifadəsini təmin etmək məqsədilə aparılan bütün fəaliyyətlər tərəfimizdən yoxlanılır və ona nəzarət edilir.
Dərman vasitələri hətta istifadə edildiyi zaman düzgün saxlanılmadıqda keyfiyyətini itirə bilər. Təəssüf ki, ölkədə keyfiyyətsiz dərman vasitələri var ki, bunlar da Səhiyyə Nazirliyinin icazəsi olmadan, laborator yoxlamalardan keçməmiş, dövlət qeydiyyatına alınmamış, naməlum yollarla ölkəyə gətirilmiş dərman vasitələridir. Onlara qarşı mübarizədə hər bir vətəndaşımızın köməyi vacib və əhəmiyyətlidir. Aşkarlanan faktlar tərəfimizdən araşdırılır və onların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür.
- Azərbaycana yüksək keyfiyyətli dərmanların idxalını təmin etmək üçün birbaşa olaraq istehsal müəssisələrində hər hansı yoxlama aparılırmı?
- “Dərman vasitələri haqqında” qanuna əsasən dərman vasitələri ilə davranış sahəsində dövlətin əsas məqsədlərindən biri də əhalinin keyfiyyətli dərman vasitələri almaq hüququna təminat verilməsidir. Prezident İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında fərmanı əsasında səhiyyə naziri tərəfindən “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planının təsdiq edilməsi haqqında” 24 aprel 2014-cü il tarixli 30 nömrəli əmr imzalanıb. Strateji Planın dərman vasitələri ilə bağlı altqrupunda yer alan əsas məsələlərdən biri də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi və səmərəliliyinə nəzarət sisteminin təkmilləşdirilməsi olub. Dərman vasitələrinin keyfiyyətinə nəzarət dərman vasitələrinin dövriyyəsinin bütün mərhələlərində həyata keçirilən bir prosesdir ki, bu prosesin də ilk mərhələsi dərman vasitələrinin istehsalıdır.
Hazırda dünya praktikasında dərman vasitələrinin keyfiyyətli istehsalı üçün Ümumdünya Səhiyyə Təşkilatının "Good Manufacturing Practice" (GMP), yəni "Etibarlı İstehsalat Təcrübəsi" standartları əsas götürülür. Respublikaya idxal olunan dərman vasitələrinin yüksək keyfiyyətə, təhlükəsizliyə və effektivliyə malik olmasını təmin etmək üçün cari ildən başlayaraq bəzi hallarda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yüksək potensiallı kadrları tərəfindən istehsal etdikləri dərman vasitələrini Azərbaycanda dövlət qeydiyyatına aldırmaq və onları ölkəyə idxal etmək istəyən xarici istehsal müəssisələrinin dərman zavodlarında yoxlamalar həyata keçirilir. Həmin yoxlamalar istehsalçıların GMP standartlarına dair tələb və tövsiyələrə nə dərəcədə riayət etdiyini, istehsalat prosesini hansı səviyyədə təşkil etdiyini müəyyən etməyə, ümumilikdə istehsalçının potensialının aşkar edilməsinə imkan yaradır. Mərkəzin əməkdaşları tərəfindən indiyədək Çin, Gürcüstan, Misir, İspaniya, Almaniya, Belarus, Rusiya, Banqladeş, Türkiyə, Polşa və Qazaxıstan kimi ölkələrdə dərman istehsalı zavodlarına baxışlar keçirib.
- Bir sıra mütəxəssislər hesab edirlər ki, idxal olunan dərmanların gömrük terminalında yoxlanma proseduru bəzən uzun müddət davam etdiyindən və bu müddətdə də dərmanların saxlanılması üçün lazımi şərait olmadığından dərmanların yoxlanılması şəraiti dəyişdirilsin. Başqa sözlə, bu yoxlama elə bir şəraitdə aparılsın ki, dərmanların keyfiyyətinə mənfi təsir göstərməsin.
- Cari ildə dərman vasitələrinin idxalı zamanı nəqliyyatın açılmasında, həmçinin idxalına icazə verilməmiş dərman vasitələrinin məhv edilməsi prosesində Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinin birgə iştirakının və koordinasiyanın təmin edilməsi məsələləri barədə razılıq əldə edilib. Dövlət Gömrük Komitəsinin əməkdaşlarının iştirakı ilə Analitik Ekspertiza Mərkəzinin müfəttişləri tərəfindən ölkəyə idxal olunan dərman vasitələrindən keyfiyyətin yoxlanılması üçün nümunələr götürüldükdən sonra laborator analizlərin cavabları hazır olana kimi (laborator analizlər üçün normativ sənədlərə görə 5-15 gün vaxt tələb olunur) idxal olunan dərman vasitələri idxalçı şirkətlərə məsul saxlanma yerinə verilərək distribüterlərin anbarlarına boşaldılır.
Əfsuslar olsun ki, bəzən idxalçı şirkətlər tərəfindən dərman vasitələrinin idxalı zamanı daşınma prosesində Ümumdünya Səhiyyə Təşkilatının “Etibarlı Saxlama Təcrübəsi” (GSP) standartlarının tələbləri gözlənilmədiyindən laborator analizlər nəticəsində bəzi dərman vasitələrinin keyfiyyət parametrlərində normativ sənədlərin tələblərindən kənara çıxmalar müəyyən edilir. Belə hallar aşkarlanan zaman dərman vasitəsinin ölkəyə idxalına və istifadəsinə Səhiyyə Nazirliyi tərəfindən icazə verilmir.
- Bu gün həkimlər reseptlərə ehtiyac olmayan əlavə dərman preparatlarının da adlarını yazırlar. Nazir Oqtay Şirəliyev də belə halların olduğunu etiraf edərək deyib ki, əhalinin haqlı narazılığına səbəb olan bütün bu halların qarşısı alınmalıdır.
- Hər bir xəstə fərdidir. Həkim tərəfindən hər bir xəstəyə fərdi müalicə təyin edilir. Həkim dərman təyinatında cins, yaş, bədən kütləsi, dərman vasitələrinə qarşı xəstənin fərdi hiperhəssaslığını və s. bu kimi faktorları nəzərə alır. Ümumiyyətlə, bütün dünyada rasional dərman təyinatından istifadə edilir ki, bu da sübut olunmuş elmi təbabətə əsaslanır. Azərbaycanda xəstəliklərin diaqnostikası üçün Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatının 10-cu baxışına (XBT-10) əsaslanan klinik protokollar hazırlanıb ki, farmakoterapevtik müalicələr də bu klinik protokollara uyğun həyata keçirilir. Klinik protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Klinik protokolların tərtib edilməsində məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmətin göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.
Ümumiyyətlə, dərman vasitələrindən farmakoterapevtik effektin alınması üçün düzgün diaqnoz qoyulmalı, düzgün farmakoterapevtik müalicə seçilməli və düzgün dərman vasitələri seçilərək düzgün istifadə edilməlidir. Bunlara əməl olunmadıqda dərman vasitələrindən lazımi effekti almaq qeyri-mümkün olur. Digər vacib məsələlərdən biri əhalinin resept əsasında təyin olunan dərman vasitələrini özbaşına, qeyri-tibb işçilərinin - qohumlarının, qonşularının tövsiyəsi ilə alıb istifadə etmələridir. Dərman vasitələri seçimi bütün dünya səhiyyəsini düşündürən bir məsələdir. Çünki dərman vasitələrinin düzgün seçilməməsi və düzgün istifadə edilməməsi dərmanlara qarşı rezistentliyə səbəb olur. Bu hal daha çox antibiotiklərdən istifadə zamanı müşahidə edilir. Geniş spektrli antibiotiklərin təyinatı gələcəkdə həmin pasiyentlərin həqiqətən bu antibiotiklərə ehtiyacı olduğu zaman effektsizliyə səbəb ola bilir. Yeni antibiotiklərin kəşf olunmaması antibiotiklərin düzgün istifadəsini və antibioqramlarla təyinatını tələb edir ki, bunlarsız gələcək qorxulu və faciəli ola bilər.
- Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və Belarusun Səhiyyə xidmətində Ekspertiza və Tədqiqatlar Mərkəzi arasında yeni imzalanan memorandumda nəzərdə tutulan məsələlərdən biri də saxta məhsullara qarşı mübarizə üsulları sahəsində əməkdaşlıq etməkdir. Saxta dərmanlara qarşı mübarizə aparmaq sahəsində hər iki ölkə necə əməkdaşlıq edə bilər?
- Bildiyiniz kimi, bu il noyabrın 4-də Analitik Ekspertiza Mərkəzi və Belarusun "Səhiyyə xidmətində Ekspertiza və Tədqiqatlar Mərkəzi" Ümumrespublika Unitar Müəssisəsi arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalandı. Memorandumda dərman vasitələri, tibbi ləvazimat və tibbi texnikanın ekspertizası, onların keyfiyyətinə nəzarət, farmakoloji nəzarət, dərman vasitələri və tibbi ləvazimatların qeydiyyatında, dövriyyəsində beynəlxalq standartların tətbiq edilməsinə dair tövsiyələrin hazırlanmasına dəstək və s. kimi məsələlər üzrə əməkdaşlıq öz əksini tapıb.
Kontrafakt və saxta məhsullara qarşı mübarizə üsulları sahəsində əməkdaşlıq da memorandumun əsas məqsədlərindən biridir. Hər sahədə olduğu kimi, kontrafakt və saxta məhsullara qarşı mübarizədə də informasiya təhlükəsizliyi böyük rol oynayır. Belə ki, informasiya mübadiləsi, informasiyanın operativ ötürülməsi və informasiya üzrə qarşılıqlı tədbirlərin görülməsi saxta dərmanlara qarşı mübarizədə effektiv üsullardan biridir. Məhz memorandum sayəsində iki dövlət arasında bu sahədə informasiya mübadiləsi mümkun olacaq ki, bu da gələcəkdə saxta dərmanlara qarşı mübarizə işinə müsbət təsir göstərəcək. Nəzərinizə çatdıraq ki, artıq Qazaxıstanla də müvafiq memorandumun imzalanması prosesi başa çatmaq üzrədir. Ukrayna və Türkiyə ilə isə bu məsələ üzrə danışıqlar aparılır və tez bir zamanda müsbət nəticələr əldə olunacaq.