...

ƏƏSMN-in "İş yerinə dair arayış" e-xidmətindən 23 minə yaxın istifadə olub

Cəmiyyət Materials 12 Dekabr 2016 11:43 (UTC +04:00)
Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” e-xidmətindən 22 610 dəfə istifadə qeydə alınıb.
ƏƏSMN-in "İş yerinə dair arayış" e-xidmətindən 23 minə yaxın istifadə olub

Bakı. Trend:

Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “İş yerinə dair arayış” e-xidmətindən 22 610 dəfə istifadə qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin noyabr ayında ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4,4 faiz artaraq 22 610-a çatıb. Ümumilikdə, cari ilin yanvar-noyabr aylarında əhali həmin e-xidmətdən 204 918 dəfə faydalanıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz çoxdur.

Müvafiq hallarda müxtəlif qurumlar tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardan biri də iş yerinə dair arayışdır. “İş yerinə dair arayış” e-xidməti əmək fəaliyyəti ilə məşğul olan vətəndaşa həmin arayışı işlədiyi müəssisənin məsul şəxslərinə müraciət etmədən və istədiyi vaxtda onlayn rejimdə əldə etməyə imkan verir. İstifadəçi arayışı elektron formada aidiyyəti təşkilata göndərə, ya da kağız formasında çap edib təqdim edə bilər. Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, müddətli, yaxud müddətsiz olması, etibarlılıq müddəti və s. məlumatlar əhatə olunur.

Arayış hansı quruma təqdim edilirsə, həmin qurum bu sənəddə qeyd olunan ştrix-kod vasitəsilə “E-hökumət” portalındakı “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə etməklə arayışda göstərilən məlumatların düzgünlüyünü yoxlaya bilir.

“İş yerinə dair arayış” e-xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir və əhali cari ilin 01 dekabr tarixinə qədər bu e-xidmətdən 425 828 dəfə faydalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti