...

Azərbaycan-İndoneziya dostluq gecəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Yanvar 2017 19:31 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə bağlı İndoneziya səfiri iqamətgahında Azərbaycan-İndoneziya Dostluq Gecəsi keçirilib.
Azərbaycan-İndoneziya dostluq gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə bağlı İndoneziya səfiri iqamətgahında Azərbaycan-İndoneziya Dostluq Gecəsi keçirilib.

Trend-in məlumatına görə, tədbir millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi (ABAİ) və İndoneziyanın ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilib.

Tədbirin açılışında ABAİ-nin rəhbəri, millət vəkili Q.Paşayeva deyib: ”Dəyərli dostumuz, İndoneziyanın Azərbaycandakı səfiri Husnan Fanani və xanımı ilə qərara gəldik Dünya Azərbaycanlılarının Həmrəyli Günü bayramını və Yeni ili dostlarla Azərbaycan-İndoneziya Dostluq Gecəsində birlikdə qeyd edək və Azərbaycan-İndoneziya dostluq münasibətlərinin inkişafına hansı töhvələr verə bilərik bu barədə də birlikdə gözəl söhbətlər, fikir mübadiləsi olsun. Eyni zamanda bir-birimizin mədəniyyətini, musiqisini, ədəbiyyatını, mətbəxini də daha yaxından tanıyaq. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu olaraq biz və İndoneziya səfirliyi birlikdə bu tədbiri təşkil etdik və ümid edirəm ki bütün qonaqların yadında qalacağı faydalı bir tədbir olacaq. Azərbaycan-İndoneziya münasibətləri bütün istiqamətlərdə inkişaf edir və Prezidentin rəhbərliyi altında bu istiqamətdə ciddi işlər görülür. İndoneziyanın bütün beynəlxalq platformalarda ərazi bütövlüyü, Qarabağ problemi, Xocalı soyqırımı məsələlərində Azərbaycanı dəstəkləməsini bütün Azərbaycan xalqı yüksək qiymətləndirir və Qarabağ həqiqətlərinin İndoneziyada daha da geniş yayılması istiqamətində işlərin daha da artacağına, İndoneziyanın bu məsələlərdə bundan sonra da hər zaman Azərbaycana böyük dəstək verəcəyinə inanırıq".

Azərbaycanla əlaqələrin və əməkdaşlığın daha da inkişafına böyük önəm verdiklərini deyən İndoneziya səfiri Hüsnan Fanani çıxışında deyib ki, ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, qarşılıqlı səfərlərin artması, sahibkarlarla yanaşı mətbuat və media qurumlarımız, fəal qadınlarımız arasında da əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə işlərə və layihələrə daha çox diqqət göstəriləcək.

Q.Paşayeva səfirə Qarabağın təsviri olan rəsm əsəri, tanınmış modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova isə özünün əl işini, Azərbaycan təsviri olan sənət əsərini hədiyyə ediblər və səfirin hər zaman Azərbaycanın ən yaxın dostlarından biri və təbliğatçısı olacağına inandıqlarını deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti