...

“Qafqaz” Universitetinin tələbələrinin köçürülməsi üçün yaradılan İşçi qrupunun TƏRKİBİ

Cəmiyyət Materials 23 Yanvar 2017 16:59 (UTC +04:00)
Təhsil naziri Mikayıl Cabbarov “Qafqaz” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə əmr imzalayıb.
“Qafqaz” Universitetinin tələbələrinin köçürülməsi üçün yaradılan İşçi qrupunun TƏRKİBİ

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil naziri Mikayıl Cabbarov “Qafqaz” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Qafqaz” Universitetinin Təsisçisinin 9 yanvar 2017-ci il tarixdən universitetin ləğv edilməsi və Ləğvetmə Komissiyasının yaradılması barədə 27.12.2016-cı il tarixli qərarını nəzərə alaraq, Ləğvetmə Komissiyası “Qafqaz” Universitetinə 2017/2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və universitetin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi (qış semestri bitəndən sonra) ilə bağlı Təhsil Nazirliyinə məktubla müraciət edib.

Qeyd olunanları nəzərə alaraq, “Qafqaz” Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə İşçi qrup yaradılır. İşçi qrupun sədri Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, üzvləri “Qafqaz” Universitetinin Tədris işləri üzrə prorektoru Həmzağa Orucov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi Yaşar Ömərov, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məsləhətçisi Günay Ələkbərova, Təhsil Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri Rasim Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədrisin metodik təminatı və akkreditasiya bölməsinin müdiri Nazim Abbasov, Azərbaycan Texniki Universitetinin dosenti Bəxtiyar Namazovdur.

İşçi qrupuna tapşırılıb ki, universitetdə təhsil alan tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bala, ixtisaslarına və tədris dilinə uyğun olaraq, habelə onların dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə alınmaqla digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etsinlər.

İşçi qrup Təhsil Nazirliyindən alınmış diplom və akademik arayış blanklarının saxlanılması, doldurulması, verilməsi və uçotu vəziyyətini araşdırsın, istifadə olunmamış blankların Nazirliyə qaytarılmasını təmin etsinlər, akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə arayış hazırlasın, tələbələri və onların valideynlərini qəbul edib onlara müvafiq izahatlar versin, əvvəlki tədris illərində “Qafqaz” Universitetini müvəffəqiyyətlə bitirmiş məzunların adına yazılmış və universitetin arxivində saxlanılan diplom və diploma əlavələrin Nazirliyin arxivinə təhvil verilməsini təmin etsinlər.

İşçi qrupu “Qafqaz” Universitetinin fəaliyyəti dayandırılanadək zəruri əlaqələndirmə işlərini həyata keçirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti