Bakı. Trend:
“ASAN Məktub” Ramazan bayramında uşaqların sevincinə səbəb olub.
“ASAN Könüllüləri” Təşkilatından Trend-ə verilən məlumata görə, layihə çərçivəsində başladılan ““ASAN Məktub”la Ramazan sevinci” aksiyası qısa zamanda xeyirsevər vətəndaşlar tərəfindən dəstək qazanıb.
Aksiyada asanmektub.az saytına yerləşdirilmiş yüzlərlə məktub vətəndaşlar tərəfindən öhdəçiliyə götürülüb və alınan hədiyyələr Ramazan bayramında öz balaca sahiblərinə çatdırılıb.
Qeyd edək ki, “ASAN Məktub” layihəsinin məqsədi qədim xeyirxahlıq ənənələrinə malik olan ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq üçün maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaq, üzlərinin gülməsinə səbəb olmaqdır.
“ASAN məktub” layihəsi vasitəsi ilə respublika ərazisində yaşayan uşaq evlərinin, aztəminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.
Fəaliyyət göstərdiyi qısa müddət ərzində asanmektub.az saytı vasitəsilə bu günə qədər 1477 uşağın arzusu reallaşdırılıb, vətəndaşlar tərəfindən alınan hədiyyələr uşaqlara çatdırılıb.