...

Azərbaycanda dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub (FOTO)

Cəmiyyət Materials 29 İyun 2017 20:08 (UTC +04:00)
​Göyçayda “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilib.
Azərbaycanda dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub (FOTO)

Bakı. Trend:

​Göyçay rayonunda “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend-ə verilən məlumata görə, Göyçay şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirədə Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və DQİDK-nin Göyçay, Şamaxı, İsmayıllı, Qəbələ və Ağsu rayonlarının yerli strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, bölgənin din xadimləri, dini icma sədrləri və gənclər iştirak ediblər.

Müşavirədən əvvəl DQİDK-nin sifarişi ilə çəkilmiş radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkədə ənənə halını almış tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. M.Səlimzadə qeyd edib ki, bu ilin respublikada “İslam Həmrəyliyi İli” elan olunması həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verəcək.

DQİDK sədrinin müavini Səyavuş Heydərov bildirib ki, ölkədə vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Bununla yanaşı, bəzi hallarda bu münasibətdən sui-istifadə edilməklə, tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminə zidd olan ünsürlərin və cərəyanların destruktiv təsirinin, cəmiyyətin həyatına nüfuzetmə cəhdlərinin, xüsusilə dini zəmində ekstremizm və separatizmin yayılmasının qarşısının alınması məqsədilə DQİDK müvafiq dövlət orqanları ilə birlikdə mövcud qanunvericilik çərçivəsində genişmiqyaslı maarifləndirmə, qabaqlayıcı və profilaktik xarakterli tədbirlər keçirməkdə davam edir.

Sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Oqtay Tağıyev təmsil etdiyi qurumun dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O, dini radikalizmin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, müştərək mübarizənin vacibliyini vurğulayıb.

Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadlarından, eləcə də hüquqi müstəvidə aparılan mübarizə metodologiyası haqqında geniş məlumat verib. O, ölkədə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğunu, bununla yanaşı, yaradılmış etiqad azadlığından digər məqsədlər üçün istifadənin yolverilməzliyini diqqətə çatdırıb.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov dövlət rəhbərliyinə dindarlara göstərdiyi qayğı üçün təşəkkürünü bildirib. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün ölkənin inkişafına böyük töhfə verdiyini və dindarların daima bütün məsələlərdə dövlətin yanında olduğunu söyləyib.

Seminar-müşavirə müzakirələrlə davam etdirilib. Vurğulanıb ki, radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də ziyalılar və dindarlar fəallıq göstərməlidirlər. Bildirilib ki, gəncləri dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq hamının vətəndaşlıq borcudur. Müşavirədə, həmçinin dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyi də vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti