...

Peşə məktəblərinə qəbulla bağlı YENİLİK

Cəmiyyət Materials 27 İyul 2017 16:31 (UTC +04:00)
Azərbaycanda bu il bütün peşə ixtisas müəssisələrinə şagird qəbulu "Asan peşə" layihəsi çərçivəsində "Asan xidmət" mərkəzlərində də aparılacaq.
Peşə məktəblərinə qəbulla bağlı YENİLİK

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda bu il bütün peşə ixtisas müəssisələrinə şagird qəbulu "Asan peşə" layihəsi çərçivəsində "Asan xidmət" mərkəzlərində də aparılacaq.

Bunu Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, ötən ildən başlayaraq, Təhsil Nazirliyi və "Asan xidmət"in "Asan peşə" birgə layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərindəki ilk peşə ixtisas müəssisələrinə sənəd qəbulu aparılıb: "Bu il isə bu layihənin miqyası genişlənib. Layihə bu il bütün Azərbaycanı əhatə edir. Ötən il 4 000 nəfərdən artıq gənc Bakıda və Gəncədə öz sənədlərini elektron qeydiyyatdan keçirərək ilk peşə ixtisas müəssisələrinin şagirdləri olublar. Yaxşı hal budur ki, ötən ilki qəbulda sənəd verənlərin 25 faizindən çoxunun orta bal göstəricisi 4-dən yuxarı olub. Bu, o deməkdir ki həmin gənclər təkcə ilk peşə ixtisas müəssisəsinə deyil, orta ixtisas və ali təhsil müəssisələrinə də qəbul ola bilərdilər".

C.Valehov deyib ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 1-22 avqust tarixlərində "ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində sənəd qəbulu komissiyalarında aparılacaq.

Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

Bakı və Gəncə şəhərlərində yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılacaq. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad, Qəbələ şəhər və rayonları üzrə qəbul "ASAN xidmət” mərkəzləri ilə yanaşı, ilk peşə-ixtisas təhsil müəssisələri tərəfindən də aparılacaq.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər.

C.Valehov deyib ki, əgər şagirdlər dövlət hesabına təhsil almaq istəyirlərsə, "Asan xidmət" mərkəzlərində, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə müvafiq olaraq, ilk peşə ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçə bilərlər.

Sektor müdiri əlavə edib ki, ilk peşə ixtisası müəssisəsinə sənəd vemək istəyənlər ərizələrində 10 ixtisası qeyd edə bilərlər. Qəbul zamanı onların orta attestat balı nəzərə alınacaq.

C.Valehov deyib ki, vətəndaşlığı olmayan şagirdlər ilk peşə ixtisas müəssisələrində ödənişli əsaslarla təhsil ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti