...

Bilik evlərinin müşavirəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2017 17:26 (UTC +04:00)
Bilik Fondunda bölgələrdə fəaliyyət göstərən Bilik evləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Bilik evlərinin müşavirəsi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bölgələrdə fəaliyyət göstərən Bilik evləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, müşavirədə Şəmkir Bilik Evinin direktoru, millət vəkili Sona Əliyeva və kiçik mütəxəssisi Hicran Əliyeva, Nardaran Bilik Evinin direktoru, millət vəkili Dilarə Cəbrayılova və kiçik mütəxəssisi Nərmin Əliyeva, Astara Bilik Evinin direktoru, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova və kiçik mütəxəssis Röya Hacıyeva, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, Qarabağ Regional Bilik Evinin (Tərtər) kiçik mütəxəssisi İradə Əkbərli, Qax Bilik Evinin direktoru Rövşən Hədisov, Oğuz Bilik Evinin direktoru Anar Məcidov və mütəxəssisi Cəlil Hacıyev iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov son illər ərzində Fondun dəstəyi ilə yaradılan Bilik evlərində həyata keçirilən layihələr, təlim kursları, bölgə əhalisinin maarifləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. İcraçı direktor ölkə rəhbərinin həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyətinin əhaliyə çatdırılması məqsədilə müxtəlif istiqamətlərdə təşkil olunan tədbirlərin əhəmiyyətini vurğulayıb.

S.Əliyeva Bilik evlərində yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin aşılanmasına xidmət edən layihələrin hazırlanması və icrasına üstünlük verilməsini təklif edib.

D.Cəbrayılova peşə yönümlü təlim kurslarına daha çox ehtiyac olduğunu bildirərək, ötən il 6 nardaranlı gəncin avtomobillərə texniki xidmət üzrə təlimləri uğurla başa vuraraq işlə təmin olunduqlarını xatırladıb.

Çıxış edənlər maarifləndirmə işinin aparılmasında bölgənin xarakterik xüsusiyyətlərini, yerli əhalinin maraqlarını və tələbatını əsas götürməyi təklif ediblər.

Müşavirədə Bilik Fondunun dəstəyi ilə bölgələrdə fəaliyyət göstərən Bilik evlərinin Koordinasiya Şurasının tərkibi müəyyənləşdirilib və birgə fəaliyyətin perspektiv istiqamətləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti