Bak. Trend:
Noyabrın 17-də “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Bakıda 17 noyabr – Milli Dirçəliş Günü və təşkilatın yaranmasının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Trend-in məlumatına görə, “Böyük tələbə layihəsi”nin 25-ci ildönümünə həsr edilmiş tədbirdə Milli Məclisin deputatları, azərbaycanlı və türkiyəli iş adamları, müxtəlif illərdə Türkiyədə təhsil almış və məzun olmuş şəxslər, aprel döyüşlərinin iştirakçıları, hər iki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, QHT-lərin təmsilçiləri iştirak ediblər.
Tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mərasimdə TUMİB-in uğurlu fəaliyyətindən və həyata keçirdiyi layihələrdən söhbət açılıb. Qeyd edilib ki, TUMİB Türkiyənin müxtəlif universitetlərində təhsil almış azərbaycanlı məzunlar tərəfindən 2000–ci ildə Bakıda təsis olunub. İctimai Birliyin fəaliyyətinin əsas məqsədi Türkiyənin ali təhsil müəssisələrindən məzun olmuş Azərbaycan vətəndaşları arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Milli Dirçəliş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən TUMİB-in sədri Çingiz Bayramov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib.
TUMİB sədri deyib ki, Türkiyə universitetlərinin azərbaycanlı məzunları cəmiyyətin həyatında fəal iştirak edərək Azərbaycanın inkişafına töhfə verməyə çalışırlar.
Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdulqafar Böyükfırat, İzmirdəki Azərbaycan İş Adamları Dərnəyinin sədri Asif Qurbanov və başqaları çıxış edərək yubiley münasibətilə məzunlara təbriklərini çatdırıb, Türkiyə universitetləri məzunlarının ölkəmizin ictimai, elmi və iqtisadi həyatındakı əhəmiyyətli rolundan danışıblar. Qeyd olunub ki, qardaş ölkədə təhsil almış gənclərimiz yüksək fəallıqları ilə Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının möhkəmləndirilməsində mühüm rol oynayırlar. 1992-1993-cü tədris ilindən başlayaraq həyata keçirilən “Böyük tələbə layihəsi” türkdilli xalqlar, o cümlədən Azərbaycan ilə Türkiyə arasında birliyin gücləndirilməsinə mühüm töhfə verib.
Çıxış edənlər türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan ilə Türkiyə bir millət, iki dövlətdir” kəlamlarını məmnunluqla xatırladaraq ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan qədim dostluq və qardaşlıq münasibətlərinin ildən-ilə daha da inkişaf etdiyini bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.