...

Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı: cənnət məkana səyahət (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2017 11:21 (UTC +04:00)
Azərbaycanda əhalinin, xüsusilə də uşaqların və gənclərin mədəni istirahəti üçün bütün gərəkli şərtlərin yaradılmasına böyük diqqət yetirilir.
Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı: cənnət məkana səyahət (FOTO)

Bakı. Trend:

Azərbaycanda əhalinin, xüsusilə də uşaqların və gənclərin mədəni istirahəti üçün bütün gərəkli şərtlərin yaradılmasına böyük diqqət yetirilir. Regionlarda, habelə Bakıda istirahət üçün bütün şəraitin olduğu ictimai məkanlar və parklar salınır, Azərbaycanın zəngin mədəni irsinin qorunmasına və inkişafına xidmət edən mədəniyyət mərkəzləri tikilir, istedadlı gənclərin yaradıcılıq potensialının aşkarlanmasına vüsət verən müxtəlif dərnəklər fəaliyyət göstərir.

Trend-in məlumatına görə, elə məkanlardan biri Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkıdır.

Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilib. Mərkəz ərazisinin ümumi sahəsi 10 ha-dır. Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib.

Mədəniyyət Mərkəzi və Eko-Park istedadlı gənclər və yaradıcı insanlar üçün mədəniyyət ocağına çevrilmiş unikal məkandır. Buraya şəhərin qarışıq yaşam tempindən istirahət etmək, sakitlik və rahatlığı hiss etmək üçün yaxınlıqdakı qəsəbələrin və Bakının sakinləri, habelə çoxsaylı xarici qonaqlar gəlirlər.

Biz də Zirədəki Mədəniyyət Mərkəzi və Eko-Parka baş çəkib bu misilsiz layihənin fəaliyyəti barədə məlumat əldə etmək istədik.

Eko-Parkda təravətli yaşıllığın içərisində üç metrlik "Ürək" abidəsi qoyulub. Abidənin müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Uzun illərdir ki, Leyla Əliyevanın vətəndaş mövqeyi nəsli kəsilməkdə olan heyvanların populyasiyasının qorunub saxlanılması və qoruqların mühafizəsi ilə bağlı fəaliyyətində aydın görünür. Leyla Əliyevanın bu məqsədlə təsis etdiyi IDEA (Ətraf Mühit Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən "Böyuk Qafqaz beşliyi" - Qafqaz faunasının nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan beş növü müəyyən edilib. Bu beşliyə ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiri daxildir. Canlı təbiətin onun bütün müxtəlifliyi ilə qorunub saxlanması müasir dövrün ən mühüm vəzifəsidir. Canlı təbiət dünyanın ürəyidir, nə qədər ki, bu ürək döyünür, yer üzündə həyat davam edəcək.

Mədəniyyət Mərkəzinin işi barədə təhsil şöbəsinin müdiri Ləman Əliyeva danışdı:

"Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı 2015-ci ildə yaradılıb. O vaxtadək bu ərazidə çöllük və zibilxana vardı. 2015-ci ilin yanvar ayından dekabra qədər burada bütün gərəkli şərait və infrastruktur yaradıldı, Mərkəz tikildi, yaşıllaşdırma işləri aparıldı. "Mədəniyyət Mərkəzi və Eko-Parkın açılışı 2015-ci ilin dekabrın 30-da oldu. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, İDEA İctimai Hərəkatının təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak etdilər".

Daha sonra L.Əliyeva Mərkəzlə tanış olmağı təklif etdi və burada keçirilən tədbirlərlə məşğələlərdən bəhs etdi.

Onu da deyək ki, Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkına giriş pulsuzdur.

Mərkəzdəki xarici dillər kabinetində ingilis, rus və fransız dilləri tədris olunur. Kabinetdə məşğələlər üçün bütün gərəkli tədris vəsaitləri və materiallar var, elektron lövhə quraşdırılıb. Xarici dillərin öyrənilməsi təhsilin ayrılmaz hissəsidir. Xarici dili bilmək müxtəlif informasifya mənbələrindən yararlanmaq imkanları yaradır. Bu səbəbdən də peşəkar pedaqoqların Mədəniyyət Mərkəzində keçirdikləri məşğələlər xarici dilləri öyrənmək istəyənlərin böyük marağına səbəb olur.

Xarici dillər kabinetinin yanında İDEA-nın Resurs Mərrkəzi var. Burada treninqlər, görüşlər, "dəyirmi masa"lar, ekoloji tarazlığın pozulması, flora və faunanı qorunması məsələləri və s. ilə bağlı müzakirələr keçirilir.

İDEA-nın Resurs Mərkəzinin dizaynı da diqqət çəkir. Belə ki, divardakı ağac panellərdə nəsli kəsilmə təhlükəsi ilə üzləşən, Qafqaz faunasının 5 nümunəsi olan maral, qartal, ayı, bəbir və canavar əks olunub.

L.Əliyevanın sözlərinə görə, kabinetin dizaynı İDEA-ya məxsusdur : "Mədəniyyət Mərkəzində ən müasir avadanlıqla - DGT elekron şahmat lövhələri ilə təchiz edilmiş şahmat kabineti də mövcuddur. Bu sistem şahmatla məsafəli məşğul olmağa imkan verir - tələbələrimiz istənilən şəxslə internet vasitəsilə oynaya bilirlər. Şahmat turnirləri keçiririk, Rusiyadan qonaqların gəldiyi "Zirə Open" təşkil olunmuşdu".

Moda Studiyasında biçmə və tikiş üzrə məşğələlər keçirilir, dizaynın əsasları öyrədilir. Studiya ən müasir tikiş avadanlığı ilə təchiz olunub. Manekenlərdə və asılqanlarda studiyanın şagirdlərinin yaratdıqları geyimlər var. Maraqlıdır ki, şagirdlər müasir geyimlərlə yanaşı, milli libaslar da tikirlər.

Mədəniyyət Mərkəzində 300 nəfərlik 3D kinozal da fəaliyyət göstərir. Dekabrın sonlarında burada xalq artisti Alim Qasımovla onun qızı, əməkdar artist Fərqanə Qasımovanın konsertinin keçirilməsi nəzərdə tutulub.

Daha sonra L.Əliyeva Xalça Muzeyi və Xalça Muzeyinin tərkibində Xalçaçılıq Tədris Mərkəzi ilə tanış olmağı təklif etdi.

Xalça muzeyində 150 ildən artıq yaşı olan Azərbaycan tarixi üçün əhəmiyyətli eksponatlar: Bakı, Quba, Şirvan, Gəncə, Qazax-Borçalı, Qarabağ, Naxçıxan, İrəvan və Təbriz məktəblərinin əsrlərdən bəri yaranmış, yaşadılmış xovlu və xovsuz xalçalar, kilim, palaz nümunələri nümayiş olunur. Xalça və kilimlərin asılma sistemi avtomatikdir. Muzey xüsusi elektron tanıtım sistemi ilə təchiz olunub. Burada hər bir xalça haqqında Azərbaycan və ingilis dillərində tam məlumat verilir.

Muzeydə ən qədim xalça Qarabağ xalçaçılıq məktəbinə aiddir.

Tədris mərkəzində Azərbaycan xalçaları haqqında praktik və nəzəri dərslər keçirilir. Bu dərslərdə müxtəlif yaş qruplarına aid şəxslər iştirak edirlər. Praktik dərslərdə xalçanın toxunuş texnologiyası, nəzəri dərslərdə isə qədim Azərbaycan xalçaçılıq sənətinin tarixi və incəlikləri tədris edilir. Tədris mərkəzi üçün xüsusi xanalar hazırlanıb. Xalçaçılıqda istifadə olunan ip, əriş, ərqac, bıçaq, həvə, qayçı və s. ləvazimatlarla təchiz olunub. Nəzəri dərslərin daha səmərəli keçirilməsi üçün mərkəz Azərbaycan xalçaçılığı və tarixi haqqında audio və video materiallar, kitablar, kataloqlar və jurnallarla təmin olunub. Bu məqsədlə otaqda kompüter və monitor qurulub. Mərkəzdə tədris zamanı istifadə olunan xalça eskizləri və çeşnilərin hazırlanması üçün rəssamlıq otağı fəaliyyət göstərir. Burada 30-dan artıq şagirdə xalçaçılığın sirləri öyrədilir. Perspektivdə xalça fabrikinin yaradılması nəzərdə tutulur.

Mədəniyyət Mərkəzində idman və bədii gimnastikalar, rəqs və xoreoqrafiya məşğələlərinin keçirildiyi gimnastika zalı da var.

L.Əliyeva vurğulayıb: "Azərbaycan Gimnastika Federasiyası ilə əməkdaşlıq edirik, məşqçilərimiz yüksək səviyyəli peşəkarlardır. Yetirmələrimiz bədii və idman gimnastikalarında böyük uğurlara nail olublar. Məsələn, cəmi bir il məşğul olan Yağmur Ağayeva bədii gimnastika üzrə "Gymbala" yarışında birinci yeri tutdu. Bu böyük uğurdur və ona böyük ümidlər bəsləyirik".

Art-studiyada incəsənət məşğələləri keçirilir. Studiyanın şagirdləri respublika sərgilərində fəal iştirak edir, müxtəlif janrlarda və istiqamətlərdə əsərlərini təqdim edirlər. Şagirdlərin Art-studiyada sərgilənən əsərləri onları böyük potensiala və kreativ düşüncəyə malik insanlar kimi səciyyələndirir.

Mədəniyyət Mərkəzinin Elektron Kitabxanasının bazasında rus, ingilis və Azərbaycan dillərində 3 mindən artıq kitab var. Həmin kitablar iqtisadiyyat, politologiya, ekologiya, kulturologiya üzrə vəsaitlər, habelə bədii ədəbiyyat və s.-dir.

Elektron kitablarla yanaşı, çap formasında nəşrlər də var.

Mərkəzdə fəaliyyət göstərən fotovideostudiya ən müasir rəqəmsal texnologiyalar əsasında avadanlıqla təchiz olunub. Burada xüsusi işıqlandırma sistemi, kompüterləşdirilmiş fotoavadanlıq, montaj vasitələri mövcuddur.

Məşğələlər üçün bütün kabinetlər müasir zamanın tələblərinə cavab verən müvafiq avadanlıqla təchiz olunub ki, bunun nəticəsində şagirdlərin bilik əldə etməyə maraqları artır, onların dünyagörüşü artır. Burada müxtəlif yaş qruplarının nümayəndələri dərs alırlar.

Mədəniyyət Mərkəzində Ədliyyə Nazirliyi Zirə Qeydiyyat bölməsi fəaliyyət göstərir, Zirə və ətraf qəsəbə sakinlərinin nikahlarının qeydiyyatı və nikahla əlaqədar tədbirlərin təşkili - evlənəcək şəxslərə tibbi müayinə və tibbi arayışın verilməsi, yeni doğulmuş körpələrin qeydiyyatı həyata keçirilir. Burada nikah üçün qeydiyyatdan keçən şəxslərin qan verməsindən ötrü bütün lazımi avadanlıqla təchiz olunmuş tibbi müayinə otağı fəaliyyət göstərir. Bölmədə valideynlərin yeni doğulmuş körpələrinə rahatlıqla ad seçməsi üçün xüsusi "touch screen" lövhə də quraşdırılıb.

L.Əliyevanın sözlərinə görə, Mərkəzin fəaliyyəti müddətində burada 150-dən artıq nikah qeydə alınıb: "Bizdə Zirə qəsəbəsinin sakinləri ilə yanaşı, Bakıdan gələnlər də nikahlarını rəsmiləşdirirlər. Nikah bağlayan gəncləri Mədəniyyət Mərkəzi və Eko-Parkının minlərlə müxtəlif nüanslar tapmağın mümkün olduğu unikallığı cəlb edir. Nikah mərasimi Mərkəzdə və möhtəşəm idilliyanın yarandığı açıq havada keçir".

Mərkəzin birinci mərtəbəsində yaşıl sahə-qalereya yaradılıb, ekzotik bitkilər, çiçəklər, müxtəlif növlü ağaclar əkilib, rahat kresloların olduğu talvarlar quraşdırılıb, su-kanal sistemi yaradılıb. Burada il boyu ekzotik bitkilərin görüntülərindən həzz almaq olar. Qonaqlar şəhər mühitindən dincəlmək, pis hava şəraiti zamanı burada oturmaq, tropik bitkilər və ağaclar gülüstanında gün keçirə bilərlər.

Övladlarının məşğələlərdən gözləyən valideynlər bura tez-tez gəlirlər. Art-studiyanın ziyarətçiləri üçünsə bu məkan eskizlərin sinif otağında yox, bitkilərin qoynunda çəkmək üçün yerdir.

Mərkəzin təkrarsızlığı ondadır ki, burada Orxideya Evi var. Belə bir məkan Azərbaycanda ilk dəfədir yaradılıb. Burada, həmçinin 150 nəfərlik qonaq qəbulu və müxtəlif tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulmuş restoran fəaliyyət göstərir. Bu məqsədlə tam təminatlı mətbəx, manqal otağı, təndirxana və soyuducu kamera sistemi yaradılıb. Orxideya zalının tərtibatı xüsusi zövq və dizaynla hazırlanıb. Burada müxtəlif ekzotik gül və ağac kompozisiyalarından, rəngarəng orxideya növlərindən istifadə olunub. Orxideya Evində su - kanal sistemində su dövr edir. Bitkilərin təbii işıqlandırılması üçün tavan şüşəlidir.

Orxideya Evindəki orxideya və fikus növlərinə, bambuk, banan və s. ağaclara peşəkar bağbanlarla aqronomlar qulluq edirlər. Yerli iqlimə uyğunlaşmamış bitkilər üçün lazımi iqlim şərtləri yaradılıb. Orxideya Evi ecazkar vadi, insanın tərk etmək istəmədiyi gözəl məkandır.

L.Əliyeva qeyd edib ki, Orxideya Evini hər kəs asudə şəkildə ziyarət edə bilər: "Böyük qonaq qrupları gələndə isə onlardan vizit barədə əvvəlcədən xəbər vermələri rica olunur. Bizə Rusiya, İsrail və başqa ölkələrdən tez-tez qonaqlar gəlirlər. Onlar haqqımızda sosial şəbəkələrdən və ya Mədəniyyət Mərkəzi və Eko-Parka baş çəkəndən sonra çox razı qalmış tanışlarından məlumatlar əldə edirlər".

Mədəniyyət Mərkəzinin ərazisində xüsusi landşaft dizaynı əsasında layihələndirilmiş Eko-Park yaradılıb. Burada genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, minlərlə nadir dekorativ və meyvə ağacları, dekorativ kollar və çiçəklər əkilib.

Eko-Parkın ərazində attraksionlar, yelləncəklər, oyun zonalarının olduğu uşaq meydançası inşa olunub, idman trenajorları quraşdırılıb. Uşaq meydançasındakı bütün attraksionlar yalnız elektroenerji ilə işləyən attraksionlardan savayı, pulsuzdur.

Eko-Parkın ərazisində çəhrayı flaminqoları, qara və ağ qu quşlarını, qara qazlar, qırqovullar, tutuquşular və s. quşları görmək mümkündür. Parkda süni nohurlar, hovuzlar var, elektromobillər və velosipedlər üçün xüsusi yollar salınıb, bütün təamların ekoloji təmiz məhsullardan hazırlandığı eko-kafe fəaliyyət göstərir.

Eko-Parkda asudə vaxtın effektiv keçirilməsi üçün istirahət zonası yaradılıb, talvarlar tikilib, pikniklər üçün xüsusi zona fəaliyyət göstərir. Fəvvarələr meydanı əraziyə xüsusi gözəllik verir. Pilləvari formada tikilmiş xüsusi meydanda rəngarəng işıqlandırma sistemi quraşdırılıb. Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkında ailəvi istirahət üçün bütün şərait yaradılıb.

Əgər istirahət günlərini şəhərin səs-küyündən uzaqda, rahat, maraqlı və maksimal fayda ilə keçirmək istəyirsinizsə, mütləq Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkına baş çəkin.

Buraya mütləq sonradan dəfələrlə dönmək istəyəcəksiniz!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti