Bakı. Trend:
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tələbələrlə görüşüb.
ADU-dan Trend-ə verilən məlumata görə, Fərid Cəfərov Gənclər Fondu haqqında tələbələrə geniş məlumat verib və qeyd edib ki, fond yarandığı 7 il ərzində böyük bir yol keçib.
Fərid Cəfərov fondun əsas fəaliyyətinin qrant müsabiqələrinin keçirilməsi ilə bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, fond gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməklə onların fərdi təşəbbüslərini hər zaman dəstəkləyir.
Son illərdə Gənclər Fondu tərəfindən 7000-dən artıq layihənin maliyyələşdirildiyini söyləyən icraçı direktor bu layihələrin əksəriyyətinin fərdi olduğunu diqqətə çatdırıb.
Fərid Cəfərov bildirib ki, gənclərin xaricdə təhsilinin davam etdirilməsinə dəstək verilməsi, aztəminatlı ailələrdən olan tələbələrin yataqxana xərclərinin ödənilməsi, gənclərin beynəlxalq təşkilatlarda təcrübə keçməsinin və startap layihələrinin maliyyələşdirilməsi fondun yeni vəzifələri sırasına daxildir.
Tədbir tələbələri maraqladıran sualların cavablandırılması ilə davam edib.