...

Bakıda dayaqsız və nəhəng piyada keçidinin inşasına başlandı (ÖZƏL) (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2018 15:58 (UTC +04:00)
Bakıda nəhəng piyada keçidi inşa edilir.
Bakıda dayaqsız və nəhəng piyada keçidinin inşasına başlandı (ÖZƏL) (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda nəhəng piyada keçidi inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli özəl olaraq Trend-ə açıqlamasında bildirib ki, 134 metrlik yerüstü piyada keçidi orta dayaqlar olmadan inşa edilir.

Qurğu xüsusi asqılar üzərində dayanacaq və Bakıda ilk asma piyada keçidi olacaq:

"Piyada keçidi paytaxtın Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində, "Şamaxı yolu" adlanan ərazidə inşa olunacaq. Keçid 3 giriş-çıxışdan ibarət olacaq. Çıxışın biri Asif Məhərrəmov küçəsinə, biri 20 yanvar küçəsinə, digəri isə Moskva prospektinə çıxacaq".

A.Nəcəfli bildirib ki, yerüstü piyada keçidinin ümumi uzunluğu 134 metr təşkil edəcək:

"Keçid Moskva prospektini keçməklə avtomobil tuneli üzərində inşa edildiyi üçün orta dayaqsız olacaq. Keçidin tunelin üzərindən keçən və 80 metr uzunluğa malik olan hissəsi hazırda prospektin 20 Yanvar küçəsi ilə kəsişmədə inşası aparılan və 30 metr hündürlüyə malik olacaq pilona (dirək) bərkidilmiş xüsusi asqıların (tros) köməkliyi ilə saxlanılacaq. Bundan əlavə, sözügedən kəsişmədə yolun hər bir istiqaməti üzrə giriş-çıxış hissə inşa olunacaq. Keçidin əsas konstruksiyasına birləşəcək həmin hissənin uzunluğu isə 54 metr olacaq. Həmin hissə də pilona bərkidilmiş asqıların köməkliyi ilə saxlanılacaq. Asma keçidin yol səthindən hündürlüyü ortalama 6 metr, qalereyasının eni isə 3.5 metr təşkil edəcək".

Agentlik rəsmisi deyib ki, işlərin 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti