...

Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib

Cəmiyyət Materials 17 Noyabr 2018 20:48 (UTC +04:00)
Noyabrın 16-da Böyük Britaniyanın paytaxtı Londonda Press Association agentliyinin təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası olub
Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib

Bakı. Trend:

Noyabrın 16-da Böyük Britaniyanın paytaxtı Londonda Press Association agentliyinin təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası olub. İclasda 2019-cu ildə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Dünya Xəbər Agentliklərinin 6-cı Konqresinə hazırlıq işləri və təşkilati məsələlər müzakirə edilib.

İclasda AZƏRTAC, Böyük Britaniyanın Press Association, ABŞ-ın Associated Press, Almaniyanın DP, Rusiyanın TASS, İspaniyanın EFE, Küveytin KUNA, Bolqarıstanın BTA agentliklərinin rəhbərləri və nümayəndələri, həmçinin Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər. Yeri gəlmişkən, bu tədbirdə AZƏRTAC-ı xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsinin sabiq müdiri, London Şəhər Universitetinin (City, University of London) tələbəsi Anar Rzayev təmsil edib.

Müzakirələr zamanı 6-cı konqresdə iştirakı nəzərdə tutulan nümayəndələrə hazırkı prezident, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun, Bolqarıstanın BTA agentliyinin baş direktoru və Konqresin baş katibi Maksim Minçevin, eləcə də Şuranın sədri, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşalın adından rəsmi dəvət məktublarının gələn ilin əvvəlindən göndərilməsi qərara alınıb. Planlama görüşündə Konqresin saytının idarə olunmasının gələn ilin yanvarından AZƏRTAC tərəfindən Bolqarıstanın BTA agentliyinə təhvil verilməsi məsələsinə də baxılıb. Daha sonra Konqresin 2019-cu il iyunun 13-14-də Sofiyada, mədəni tədbirlərin isə Plovdivdə keçirilməsi təsdiqlənib.

Klayv Marşalın, Maksim Minçevin, Fərid Əyyarın Konqresin üzvü olan agentliklər arasında əlaqələrin daha da möhkəmləndirilməsi və müzakirəsi nəzərdə tutulan mövzularla bağlı təklifləri diqqəti cəlb edib. Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Şuranın vitse-prezidenti Mixail Qusman bu yaxınlarda Bakıda və Sankt-Peterburqda keçirilmiş yanlış məlumatlandırma siyasəti mövzusunda işçi sessiyaların əhəmiyyətindən danışaraq feyk xəbərlər probleminin Konqresin mövzuları sırasına salınmasının vacibliyini vurğulayıb. Beləliklə, Konqresin “Yeni gəlir mənbələri”, “Yanlış xəbər”, “Süni intellekt”, “Şaxələnmə” mövzularında dörd işçi sessiyasının keçirilməsi, eləcə də bu sessiyaların dörd moderator tərəfindən idarə olunması təsdiqlənib.

Şura üzvləri Dünya Xəbər Agentlikləri Konqresindən əvvəl növbəti planlama iclasının 2019-cu il martın 7-də Sofiyada keçirilməsini qərara alıblar.

Xatırladaq ki, Dünya Xəbər Agentliklərinin 5-ci Konqresi 2016-cı il noyabrın 16-17-də Bakıda keçirilib. Hazırda AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinin prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti