...

ETSN: Tinglərin paylanılması ətraf mühitin qorunması üçün aparılan təbliğatın bir formasıdır

Cəmiyyət Materials 10 Aprel 2019 17:25 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşlara təmənnasız ağac tinglərinin paylanması aksiyası davam edir.
ETSN: Tinglərin paylanılması ətraf mühitin qorunması üçün aparılan təbliğatın bir formasıdır

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşlara təmənnasız ağac tinglərinin paylanması aksiyası davam edir. Müşahidələr göstərir ki, əhali bu tədbirə böyük maraq göstərir və az bir vaxt içərisində minlərlə ting götürülür. Ağac tinglərinin paylanılmasında yaranan belə kütləvilik haqlı bir sual yaradır: paylanılan tinglərin hamısı əkilirmi və buna nəzarət mümkündürmü?

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova vətəndaşlara paylanılan ağac tinglərinin hamısının əkildiyinə ümid etdiyini bildirib:

"Payladığımız ağacların 60-70 faizi belə əkilərsə və bitiş olarsa, bunun özü yüksək bir göstəricidir. Ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün, hesab edirəm ki, yaxsi bir stimuldur. Məqsədimiz ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və insanlarda təbiətə səmimi münasibət formalaşdırmaqdır. Bu da ətraf mühitin qorunması üçün aparılan təbliğatın bir formasıdır".

İ.İbrahimova qeyd edib ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir və paylanarkən hər regionun iqlim şəraiti nəzərə alınır: "Regionlarda əsasən meyvə tingləri paylanır ki, bu da nəticə olaraq meyvə ağaclarının sayının artmasına, ölkədə meyvə bolluğunun yaranmasına gətirib çıxaracaq.

İnanmıram ki, ağac əkən kəs ağac kəsməyə meylli ola, əksinə ağac kəsmək istəyənə mane olar. Ümid edirik ki, hər kəs tərəfindən ağacların əkilməsi, qorunması getdikcə daha kütləvi xarakter alacaq və bu ənənə yaddaşlarda həkk olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti