...

Avqustda sentyabr havasının müşahidə edilməsi Atlantik okeanı siklonlarının ölkəyə daxil olması ilə əlaqəli imiş (ÖZƏL)

Cəmiyyət Materials 9 Avqust 2019 13:07 (UTC +04:00)
Bu gün də daxil olmaqla, son 3 gün ərzində Bakıda və Abşeron yarımadasında sentyabrın birinci ongünlüyü üçün səciyyəvi olan hava şəraiti müşahidə edilib.
Avqustda sentyabr havasının müşahidə edilməsi Atlantik okeanı siklonlarının ölkəyə daxil olması ilə əlaqəli imiş (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün də daxil olmaqla, son 3 gün ərzində Bakıda və Abşeron yarımadasında sentyabrın birinci ongünlüyü üçün səciyyəvi olan hava şəraiti müşahidə edilib.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Atlantik okeanı siklonlarının Qərbi və Şərqi Avropa üzərindən hərəkət edərək ölkəmizə daxil olması nəticəsində havanın temperaturu enib, küləkli və yağışlı hava şəraiti müşahidə edilib.

Mövcud hava şəraitinin avqust ayı üçün səciyyəvi olmadığını deyən M.Həsənov əlavə edib ki, son 3 gün ərzində Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 28-29 dərəcə isti müşahidə edilir.

Avqust ayında bundan sonra isti günlərin müşahidə edilməcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirən alimin sözlərinə görə, hələlik ölkədə siklon sakitləşməsə də, 2-3 gündən sonra havanın temperaturunun yenidən yüksələcəyi və avqust ayı üçün xatrakterik olan temperaturun müşahidə ediləcəyi ehtimal edilir: “Yaxın 2-3 gündən sonra Bakıda və Abşeron yarımadasında yenidən 30-33 dərəcə istinin olacağı mümkün ola bilər. Ancaq bu, bir ehtimaldır. Çünki qəfil hərəkətə keçən siklonların təsiri altında hava şəraiti dəyişə bilər”.

M.Həsənov Bakıda və Abşeron yarımadasında sonuncu dəfə 2009, 2013-cü illərdə avqustun birinci ongünlüyündə havanın builki kimi sərin keçdiyini - temperaturun təxminən müsbət 28-29 dərəcə olduğunu nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti