...

BMT-nin xüsusi məsləhətçisi ilə vərəm və hepatit xəstəliklərinin qarşısının alınması müzakirə edilib

Cəmiyyət Materials 4 Oktyabr 2019 17:56 (UTC +04:00)
Ombudsman BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisini qəbul edib
BMT-nin xüsusi məsləhətçisi ilə vərəm və hepatit xəstəliklərinin qarşısının alınması müzakirə edilib

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Prof. Mişel Kazaçkini qəbul edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, görüşün məqsədi dərmana dayanıqlı vərəm və hepatit xəstəliklərinin yayılmasının qarşısının alınması sahəsində ölkəmizdə əldə olunmuş tərəqqi və mövcud çətinliklər ilə bağlı, həmçinin BMT və beynəlxalq ictimaiyyət tərəfindən bu sahədə ölkəmizə göstərilə biləcək dəstəyin müzakirə edilməsindən ibarət olub.

Görüşdə qonaqları salamlayan Müvəkkil Azərbaycanda bu yoluxucu xəstəliyə düçar olmuş şəxslərin Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyata alındığını və onların müalicә-profilaktikasının aparıldığını diqqətə çatdırıb.

O, habelə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququnun olduğunu, ölkəmizdə vətəndaşların sağlamlığının mühafizəsi və onlara tibbi xidmət göstərilməsi, əhalinin sosial müdafiəsi istiqamətində zəruri tədbirlər görüldüyünü, bütün dünyada olduğu kimi, respublikamızda da sağlam həyat tərzinin bərqərar edilməsi üçün müxtəlif tədbirlərin keçirildiyini bildirib. O, hazırda bəşəriyyəti düşündürən ən çətin problemlərdən olan İİV infeksiyasının, QİÇS-in, narkotik vasitələrdən istifadənin geniş yayıldığını, bunun nəticəsində milyonlarla insanın sağlamlığında ciddi problemlərin yarandığını qeyd edib.

E.Süleymanova Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları ilə birgə sağlam həyat tərzinin təşviq edilməsi və əhalinin bu xəstəlik barəsində məlumatlandırılması sahəsində görülən tədbirlər çərçivəsində Bakıda və rayonlarda regional mərkəzlərin də cəlb olunduğu silsilə maarifləndirmə tədbirləri haqqında danışıb. O, bu işin müsbət təcrübə kimi qiymətləndirildiyini də bildirib. QİÇS və narkomaniya əleyhinə təbliğat məqsədilə əhaliyə lazımi bilgilər verildiyini, yeniyetmə və gənclər üçün treninq-seminarlar təşkil olunduğunu diqqətə çatdırıb. Hətta görülən tədbirlərin səmərəliliyinin artırılması və İİV-lə mübarizə işinin daha da təkmilləşdirilməsi məqsədi ilə ötən dövrlərdə bir sıra önəmli təkliflərlə Səhiyyə Nazirliyinin qeyd edilən mübarizə mərkəzinə müraciət edildiyi vurğulanıb.

Eyni zamanda, Müvəkkilin təşəbbüsü və iştirakı ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Genderə giriş” fənninin tədrisi zamanı tələbələrə, habelə Aparatın və regional mərkəzlərin əməkdaşları tərəfindən uşaq hüquqları üzrə pilləli tədris proqramı keçirilən paytaxt və regionlardakı məktəblərdə şagirdlərə, Ombudsmanın resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin üzvlərinə sağlam həyat tərzi, İİV/QİÇS xəstəliyi, onun zərərləri və qorunma üsulları barədə ətraflı məlumat verildiyi bildirilib.

Bununla yanaşı bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Müvəkkil tərəfindən aidiyyəti qurumlara ünvanlanmış təklif və tövsiyələrinin «İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması və qəbulu zamanı nəzərə alındığı qeyd olunub.

Çıxışında o, öz təşəbbüsü və ümumi redaktəsilə ilə hazırlanmış “İİV/QİÇS-dən qorunma üsulları”nı və “İİV/QİÇS-li insanların ayrı-seçkilikdən müdafiəsi”ni təbliğ edən plakatların əyani vəsait kimi iştirakçılara paylanıldığını, televiziya və radio verilişlərində bu virusdan əziyyət çəkən insanların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işinin aparıldığını vurğulayıb.

Müvəkkil qlobal miqrasiya prosessləri zamanı xəstəliyin yayılması ilə bağlı mümkün risklərin qarşısını almaq məqsədilə təsisatın əməkdaşlarının hava limanları və vağzallarda gələn miqrant və turistlər arasında yoluxucu xəstəliklər barəsində və onlardan qorunma üsullarına dair maarifləndirici plakatların paylandığını bildirib.

Həmçinin, ənəvi olaraq, 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən “Gənclər evi” sosial xidmət müəssisələrində, ali və orta peşə-ixtisas təhsil müəssisələrində, həmçinin ümumtəhsil məktəblərində ölkəmizi narahat edən İİV/QİÇS, narkomaniya və digər yoluxucu xəstəliklərlə mübarizə üzrə silsilə treninq və seminarlar keçirildiyi diqətə çatdırılmışdır.

Ombudsman icma əsaslı ictimai xidmətin təşkili və təşviqi üçün onun ümumi redaktəsi ilə hazırlanmış “Ailə planlaşdırılmasında ictimai xidmətin təşkili üzrə vəsait” adlı digər bir maarifləndirici nəşri haqqında da məlumat verərək, vəsaitin maarifləndirmə işlərində istifadə edildiyini, onun əhali və mütəxəssislər tərəfindən lazımi və əhəmiyyətli material kimi qiymətləndirildiyini bildirib.

E.Süleymanova 25 il əvvəl keçirilən Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi məqsəd və məramları da nəzərə almaqla həyata keçirilən çoxşaxəli fəaliyyəti, habelə paytaxtda və regionlarda, məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə icma əsaslı xidmətin təşkili üzrə böyük müsbət təcrübədən istifadə etməklə Azərbaycan Qadın və İnkişaf Mərkəzinin insan potensialını cəlb etməklə reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə icma səviyyəsində məlumatlandırma işinin davam etdirildiyi barədə məlumat verib.

Müvəkkil mütləq şəkildə əhalinin maarifləndirilməsinə ehtiyac olduğunu, bu xəstəliyin kökündə bəzən məişət zorakılığı hallarının da olduğunu söyləyərək, gender bərabərliyi, qadınlara qarşı zorakılığın yolverilməzliyinə, həmçinin bunların nəticəsi olan erkən evliliklər, cinsi yolla yoluxan xəstəliklər, İİV/QİÇS və narkomaniya problemlərinə kompleks şəkildə yanaşmaqla reproduktiv sağlamlığa nail olunmağın zəruriliyini diqqətə çatdırıb.

Sonra Ombudsman ölkənin şəhər və rayonlarında olarkən xəstəxanalara və tibbi obyektlərə, doğum evlərinə baxışlar keçirdiyini və müvafiq tövsiyələr verdiyini söyləyib.

Öz növbəsində, Prof. Mişel Kazaçkin dünya miqyasında son illər QİÇS-dən ölən şəxslərinin sayında 40% azalma müşahidə edildiyini, bununla belə son 3 ildə post-sovet ölkələri də daxil olmaqla bu azalma reytinqinin stabilləşdiyini diqqətə çatdırıb.

Qonaq Azərbaycana səfəri çərçivəsində əhalinin daha çox köməyə ehtiyacı olan təbəqələrinin QİÇS, vərəm və hepatit epidemiyalarına qarşı profilaktika, müalicə və qayğı ilə daha yaxşı təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən epidemiyanın yayılmamasına nəzarət olunması, qiymətləndirilməsi və ona qarşı preventiv tədbirlərin görülməsi barədə zəruri məlumatlar əldə etdiyini və bu sahədə dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyətinin vacibliyini ifadə edib.

Sonda qonaq Müvəkkilə səmimi qəbul və səmərəli müzakirəyə görə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti