...

Azərbaycanda koronavirusa görə testləşdirmə işi xeyli artıb - Səhiyyə nazirinin müavini

Cəmiyyət Materials 23 Mart 2020 22:02 (UTC +04:00)
Azərbaycanda koronavirusa görə testləşdirmə işi xeyli artıb - Səhiyyə nazirinin müavini

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda koronavirusa görə testləşdirmə işi xeyli artıb. Bu günə qədər 72 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb.

Trend-in məlumatına görə, bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini əlavə edib ki, onların 10-u sağalıb, 1-i ölüb. Təxminən 1000 nəfər karantindədir. Aşkar olunanlar arasında 2 nəfər əcnəbi var. Aşkarlanan şəxslər əsasən, 29-50 yaşlı insanlardır: "Bu xəstəlik cənub zonasında daha çoxdur. İranla sərhədlər hələ tam bağlanmamış oradan gələnlər arasında xəstələr də olub".

Maskaların apteklərdə limit çərçivəsində satılmasına münasibət bildirən V.Qasımov əlavə edib ki, maskalar aptek şəbəkələri tərəfindən alınıb-satılır.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, hazırda Azərbaycanda kifayət qədər maska, qoruyucu ləvazimatlar var. Bununla yanaşı, digər tibbi vasitələr də tədricən ölkəyə gətirilir.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti