Bakı. Trend:
Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalı altında olan torpaqlarımızı azad etmək üçün başladığı hərbi əməliyyatlar davam edir. Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Məlum 27 sentyabr hadisələri başlanan andan Azərbaycanın igid oğulları - əsgər və zabitlər böyük hünər, qəhrəmanlıq göstərir, düşməni canı-qanı bahasına torpaqlarımızdan qovur.
Bu günlərdə döyüş meydanına atılan igid fotoqraflar Əziz Elxan və Famil Mahmudbəyli Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi müddətdə koronavirusla mübarizə aparan qəhrəman tibb işçilərimizin, həkimlərimizin şəkillərini çəkir, reallıqları göstərirdilər.
Tibb işçilri 4 növbədə işlədiklərindən, onlar gecə-gündüz bilmədən çalışırdılar.
İndi onlar müharibə zonasına yollanaraq, yenə vaxt-saat bilmədən, dinclik bilmədən çalışırlar. Bu dəfə müharibə zonasında baş verənləri düzgün və obyektiv işıalqndırmaq, bütün dünyaya yaymaq üçün. 27 sentyabr hadisələri başlanan andan Elxan Əziz və Famil Mahmudbəyli Vətən qarşısında borclarını yerinə yetirir – döyüş meydanından şəkillər çəkib yayırlar.
Hərbi fotoqraf olmağın çox çətinlikləri var. Bəzən lazımi kadrı tapıb əbədiləşdirmək üçün həyatını təhlükəyə atmalı olursan. Sonralar dünyaya səs salacaq, haqq səsini insanlara çatdıracaq bir fotonu çəkmək üçün nə qədər cəsarət, hünər, igidlik lazım olduğunu onlar yaxşı bilirlər. Bütün bunları gözləri önünə alıb gəliblər cəbhəyə. Silahları da fotoaparat. Bu silahla həqiqəti axtarmağa, Azərbaycanın haqq işini dünyaya çatdırmağa gəliblər...
Çəkdikləri fotoşəkillərdə olan xüsusi əhval-ruhiyyə və dürüstlüyün səbəbi də baş verənlərin bütün dünyaya çatdırılması arzusudur. Cəsur əsgərlərimizi, igid zabitlərimizi, döyüş meydanlarını, düşmənin atıb qaçdığı yerləri, qoyub getdiyi hərbi avadanlıqları, əsgər kazarmalarını, əsgərlərimizin ruh yüksəkliyini, birliyini əks etdirən bu foto şəkillərdə dondurulmuş kadrların hamısı öz reallığı ilə baxanları heyran qoyur. Hər bir foto insan həyatının müxtəlif anlarını əks edir.
Onlar bu fotolarla baş verənlərə öz münasibətlərini də ötürə bilirlər. Bu, həm ağrı, həm sevinc, həm inam, həm də ümiddir, bir də ki, Vətənə olan sevgi!
Yolunuz açıq olsun, Elxan və Famil! Qələbə anlarını əbədiləşdirmək nəsibiniz olsun! Əminik ki, o an uzaqda deyil. Azərbaycan Ordusunun birgə əzmi, iradəsi sayəsində Azərbaycana əbədi sülh gələcək, Qarabağ işğaldan azad olunacaq, üçrəngli bayrağmız doğma Qarabağımızda dalğalanacaq!